İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Musiqimizdə təsəvvüf musiqisi janrının təməli qoyan bəstəkar dedikdə, əlbəttə ki, tək dindarların yox, bütün zümrələrin marağını çəkdik. Çünki bu musiqi gözəlliyinə, qavranılmasına və əlçatanlığına görə hər bir musiqisevərə töhfədir.
Söhbət bu gün vəfatının növbəti ildönümü qeyd edilən Tahir Əkbərovdan – Tahir Əkbərdən gedir.
O, 1946-cı il yanvarın 20-də Bakı şəhərində anadan olub. O, 1960–1965-ci illərdə Dzerjinski adına Musiqi Məktəbinin fortepiano şöbəsində, 1965–1969-cu illərdə isə Həmzə Həkimzadə Niyazi adına Daşkənd Musiqi Texnikumunun musiqi nəzəriyyəsi şöbəsində təhsil alıb. Ailəsi ilə Daşkəndə köçən Tahir Əkbər buradakı məclislərin birində bəstəkar-pedaqoq, professor Boris İsaakoviç Zeydmanla görüşüb.
Hələ uşaq yaşlarından musiqiyə böyük maraq göstərən Tahir Əkbər bəstəkarın diqqətini cəlb edib və Boris Zeydman gənc bəstəkarın əsərləri ilə tanış olduqdan sonra Tahir İsmayılova onun sinfində oxumağı təklif edib. Beləliklə, Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, Boris Zeydmanın sinfinə daxil olub. O konservatoriyanı 1975-ci ildə bəstəkar-musiqişünas kimi bitirib.
Tahir Əkbər Boris Zeydmanın sonuncu tələbəsi olub. Tahir Əkbər 1980-ci ildə ailəsi ilə Bakıya köçüb və həmin il Azərbaycan Dövlət Radio və Televiziyasında musiqi redaktoru vəzifəsində işləməyə başlayıb. O, 1985-ci ildə SSRİ Bəstəkarlar İttifaqına üzv qəbul edilib. Onun SSRİ Bəstəkarlar İttifaqına üzv seçilməsi üçün resenziya professor Boris Zeydman tərəfindən verilib. Tahir Əkbər Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub.
Bəstəkarın 60 illik yubileyi 2006-cı il noyabr ayının 9-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəstəkarlar Birliyinin təqdimatı və Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı ilə təntənəli surətdə keçirilib. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Tahir Əkbərə Əməkdar incəsənət xadimi fəxri adı verilib. 2016-cı il aprelin 18-də isə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında onun 70 illik yubileyinə həsr olunan yaradıcılıq gecəsi keçirilib.
Tahir Əkbərin yaradıcılığında həm xor musiqisinə, hər simfonik musiqiyə, həm də kamera musiqisinə rast gəlinir. Bəstəkar öz əsərlərində xalq musiqisinə, dini mövzuya, vətənpərvərlik və digər aktual mövzulara müraciət edib. Azərbaycan professional musiqisində bəzi yeni janrların yaranması Tahir Əkbərin adı ilə əlaqələndirilib.
Belə ki, "Simfonik rənglər" əsəri, ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri və onun davamı kimi yazdığı "Ya Rəbb" adlı volkal musiqi poemasında o, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun və Ramiz Mustafayevin əsərləri üçün xarakterik olan din ilə əlaqəli musiqi ənənələrini davam etdirib, xüsusi özəlliklə sitat gətirmədən təsəvvüf ayinlərinə xas əhval-ruhiyyəli kompozisiyalar yaradıb.
Beləliklə, Azərbaycan musiqisində təsəvvüf musiqisi janrının təməli qoyulub. Tahir Əkbər əsərlərində Azərbaycan xalq musiqisinin ənənələrini istifadə edib və inkişaf etdirib. Onun mürəkkəb formalı musiqi əsəri olan "Simfonik rənglər" əsəri həm də yeni bir simfonik forma kimi dəyərləndirilir. Azərbaycanın Xalq Artisti, tanınan musiqişünas-alim Ramiz Zöhrabov qeyd edib ki, "Simfonik rənglər" janrı Azərbaycan professional musiqi ədəbiyyatı üçün yeni janrdır.
Tahir Əkbər bu əsərində muğam şöbələri arasında ifa olunan rənglərin hər birini müstəqil formada bir instrumental pyes kimi dəyərləndirib. O, 6 rəngdən ibarət bu silsilədə hər bir muğama xas rəngin ayrılıqda emosianal əhval-ruhiyyəsini və ritmik xüsusiyyətlərini vurğulayıb, eyni zamanda onlar arasında əlaqə yaradaraq vahid bir simfonik əsər yaratmağa çalışıb. Bu əsər həmçinin, bəstəkarın diplom işi olmuş, "Lenin komsomolu" mükafatına layiq görülüb.
Nataliya Yanov-Yanovskaya bu əsərdə bəstakarın işi haqqında bunları qeyd edib:
"O, muğam silsiləsindən müəyyən hissələri götürüb onu məntiqli şəkildə ardıcıllıqla əlaqələndirərək yeni forma, necə deyərlər "ikinci planlı" forma yaratmağı qarşısına məqsəd qoyur. Belə ki, Tahir Əkbər milli nümunələrdən heç də sitat kimi istifadə etmir, ancaq onların emosianal və intonasiya-ritmik xüsusiyyətlərini göstərməyə çalışır."
Azərbaycandan kənarda yazılmış "Simfonik rənglər" əsəri həm də, bəstəkarın öz vətəninə, doğma ənənələrə bağlılığını nümayiş etdirir. Bəstəkar özü verdiyi bir müsahibədə vurğulayıb ki, "Özbəkistanda oxuyanda o qədər qürbət acısı çəkmişəm ki, bu, əsərlərimə də öz təsirini göstərir". Tahir Əkbərin Bəxtiyar Vahabzadənin sözlərinə yazılan "Amin" musiqili kompozisiyasında insanın həqiqət yolunda keçirdiyi iztirabların təcüssümü bədii-estetik cəhətdən diqqəti cəlb edib.
Tahir Əkbər bu kompozisiyada ilahilərə xas olan heca vəzni bölgüsünü: 7:10 heca bölgüsünü qoruyub saxlayıb. Bu əsərin melodiyası həmçinin, ideya cəhətdən azanın intonasiya nümunəsinə tabedir. "Amin" kompozisiyasının sonunda sözsüz bağlı bir səslə vokal partiyası səslənir və fortepiano həmin quruluşu olduğu kimi təkrarlayır. Bu əsər müğənni Brilyant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə salınıb və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılıb.
Solistlər, bədii qiraət, xor kapellası və böyük simfonik orkestr üçün yazılan "Ya Rəbb" poeması isə fadiyoz ostinatosunda başlayır və həmin ostinato fonunda əsərin əvvəlində azan səslənir. Əsərin sözləri Cabir Novruza məxsusdur. Tahir Əkbərin yaradıcılığında mahnı janrı əsas yer tutub. O, Fikrət Qoca, Bəxtiyar Vahabzadə və Hüseyn Arifin sözlərinə mahnılar yazıb, bu mahnılar efir və ekranlarda daim səsləndirilərək dinləyicilərin rəğbətini qazanıb. Bəstəkar qürbətdə ikən mahnı yazmayıb.
O, Azərbaycana qayıtdıqdan sonra mahnı yazmağa başlayıb və məhz mahnılar ilə qürbətdə keçirdiyi hissləri göstərməyə çalışıb. Mahnılarında müxtəlif mövzulara toxunan bəstəkarın bəstələdiyi onlarla mahnı, o cümlədən "Dərdin alım", "Heç küsməyin yeridirmi", "Azərbaycan", "Əzizim", "Heyfim gəldi", "Qalardım", "Bir qız bir oğlanındır", "Xəzəllərin rəqsi", "Şuşanın şikəstəsi" və başqa mahnılar bir çox tanınan müğənni tərəfindən ifa olunub.
Tahir Əkbərin bəstələdiyi mahnıların ifaçıları arasında Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Mirzə Babayev, Elmira Rəhimova var. Onun mahnıları Türkiyə müğənnilərinin də ifalarında səsləndirilmiş və sevilib, həmin müğənnilərdən biri olan Nəşə Qaraböcək bəstəkarın "Heç küsməyin yeridirmi?" mahnısını repertuarına daxil edib.
Tahir Əkbərin müəllifi olduğu "Ana laylası" mahnısı Şövkət Ələkbərova tərəfindən ifa edilib, Şöhlət Əfşarın sözlərinə yazılmış və Şuşanın işğalının 20 illiyinə həsr olunan "Şuşanın şikəstəsi" mahnısını isə ilk dəfə Nəzakət Teymurova ifa edib. "Şuşanın şikəstəsi" həmçinin, Azərbaycanın Xalq Artisti Nurəddin Mehdixanlı tərəfindən də ifa olunub. Bəstəkarın muğam üçlüyü və simfonik orkestr üçün yazılan "Bülbül" mahnı-romansı 1937-ci il repressiyası qurbanlarına həsr olunub.
Bu əsərdə o, 2–3 janrın vəhdətini ortaya qoyub, kamera musiqisi ilə xalq musiqisindən bəhrələnən müstəqil bir janr yaradıb. Tahir Əkbər Azərbaycan musiqisinin bir çox janrına müraciət etməklə yanaşı, rus musiqisinin intonasiyalarına da müraciət edib. Belə ki, o, Aleksey Surkovun sözlərinə "U mavzoleya" adlı kantata yazıb. Tahir Əkbərin "Qapımı bağlı saxlama" mahnısı isə Azərbaycan və ispan musiqisinin vəhdətindən yaranmış özünəməxsus musiqi nümunəsidir.
Bəstəkar bu əsərində də, öz işlərində milli ənənələrə sadiq qalmaqla birlikdə özünəməxsus dəstxətti, üslubu ilə fərqləndiyini sübut edib. Bəstəkarın son illərdə yazdığı "El oğlu, hay ver", "Canım Azərbaycanım" mahnıları, xor və orkestr üçün H. Həsənoğlunun sözlərinə bəstələdiyi və Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Həmrəylik himni" onun son nailiyyətlərindəndir. "El oğlu, hay ver" mahnısı Şanxayda keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində 26 ölkədən finala çıxan qaliblərdən biri olub.
Mahnı ideya baxımından dünya azərbaycanlılarına ünvanlanır və onları həmrəyliyə çağırır. Bəstəkarın Dünya Azərbaycanlılarının 2-ci qurultayı ərəfəsində Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Həmrəylik himni" əsəri xor və simfonik orkestrin ifasında səsləndirilib. Onun Heydər Əliyevin 90 illiyinə həsr etdiyi "Yaşayırsan Ulu Öndər" adlı mahnısı Xatirə Rəhimbəylinin sözlərinə yazılıb, əməkdar artist Aygün Zeynalova və Azərbaycan Dövlət Televiziyası və Radiosunun "Bənövşə uşaq xoru" tərəfindən ifa olunub.
Mahnıya çəkilən klip Azərbaycan Bəstəkarlar İttifaqında ilk dəfə olaraq "Heydar Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu" mövzusunda keçirilən elmi-praktik kofransda təqdim edilib. Əsər konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Tahir Əkbərin bu əsərini yüksək qiymətləndirib. Digər əsərlərində olduğu kimi, bəstəkar bu mahnısında da xor və solo vokal partiyasını orkestrlə birləşdirib.
Mükafatları
- "Lenin komsomolu" mükafatı ("Simfonik rənglər" əsərinə görə)
- "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı
Tahir Əkbər 2 mart 2018-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib, Qurd Qapısı məzarlığında dəfn olunub
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.02.2026)


