Mədəniyyət naziri Adil Kərimli Xalq artisti Xuraman Qasımova ilə görüşüb Featured

Mədəniyyət naziri Adil Kərimli görkəmli opera müğənnisi, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti Xuraman Qasımova ilə görüşüb.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, söhbət zamanı Mədəniyyət Nazirliyi tərəfindən incəsənət təhsilinin müasir tələblər səviyyəsində qurulması məqsədilə həyata keçirilən islahatlardan bəhs olunub.

Xalq artisti Xuraman Qasımova incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsinin əhəmiyyətini yüksək qiymətləndirib.

Qeyd edib ki, incəsənət təhsilinin inkişafı bilavasitə peşəkar müəllim amilinə bağlıdır. "Təəssüf ki, indiyədək bu sahədə fəaliyyət göstərən müəllimlərin peşəkarlığının ölçülməsi həyata keçirilməyib. Bu addım geciksə də, artıq prosesə başlanılması bizləri məmnun etdi. Uzun illər incəsənət təhsili sahəsində fəaliyyət göstərən insan kimi deyə bilərəm ki, aparılan bu islahatlar yaxın gələcəkdə öz bəhrəsini mütləq verəcək", - deyə sənətkar əlavə edib.

Xalq artisti mədəniyyət sahəsinin müasir çağırışlara uyğun inkişafı məqsədilə atılan addımları məmnuniyyətlə qarşıladıqlarını bildirib, bu istiqamətdə öz bilik və təcrübəsini hər zaman bölüşməyə hazır olduğunu vurğulayıb.

Görüşdə ölkəmizdə incəsənət sahəsinin ümumi inkiməsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.