İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanda xanəndəlik sənətinin zirvəsində qərarlaşmış bir neçə şəxsdən biri, musiqimizin Qızıl fondunu zənginləşdirmiş Azərbaycanın Xalq artisti Əlibaba Məmmədovun bu gün anım günüdür.
Əlibaba Məmmədov1930-cu il 5 fevral tarixində Bakı şəhərinin Maştağa kəndində anadan olub. 128 və 187 nömrəli məktəblərdə, 1944-cü ildən Bakıxanov qəsəbəsindəki 1 nömrəli fabrik-zavod məktəbində oxuyub. İki il sonra Neft Texnikumuna keçirilib və 1947-ci ildə təhsilini başa vurduqdan sonra təyinata əsasən Türkmənistan Respublikasının Nəbitdağ mədənlərində işləməyə göndərilib.
Aşqabad şəhərində baş vermiş zəlzələdən sonra Əlibaba Məmmədov Azərbaycana qayıdıb və el şənliklərində iştirak edib. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. Musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb, müsabiqə yolu ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Estrada Orkestrində çalışıb.
1953–1978-ci illərdə Filarmoniyanın, 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Niyazinin təşəbbüsü ilə "Hümayun" Xalq Çalğı Alətləri Ansamblını yaradıb və onun bədii rəhbəri olub.
Gənc yaşlarından muğam və xalq mahnılarının mahir ifaçısı kimi tanınan xanəndə xalq ruhunda çoxlu mahnılar, təsniflər, rənglər, dəramədlər bəstələyib. 1963-cü ildə respublikanın Əməkdar artisti, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Müğənni kimi bir sıra fəxri fərmanlarla, həmçinin "SSRİ mədəniyyət əlaçısı" fəxri döş nişanı ilə də təltif olunub. 1992-ci ildə Əliağa Vahidin əsərlərinə yazdığı mahnı və təsniflərə görə "Vahid" adına mükafata layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 fevral 2000-ci il tarixli fərmanı ilə Əlibaba Məmmədov 70 illik yubileyi ərəfəsində "Şöhrət" ordeni ilə təltif edilib. 8 fevral 2010-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İstiqlal" ordeni ilə təltif olunub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Xanəndənin ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır.
Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb və onlar xanəndələrin repertuarlarına daxil edilib.
Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılan "Yaşa, məhəbbətim, yaşa, ürəyim", "Gəl bizə, yar", "Bir dənəsən" və başqa mahnılar AzTV Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. 1963-cü ildən Bakı Musiqi Kollecində, 1988-ci ildən isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib.
Əlibaba Məmmədov həm də dəfələrlə muğam müsabiqələrində münsiflər heyətinin üzvü olub. 10 may 2009-cu ildə qədim muğam irsinin qorunmasında, muğam ifaçılıq məktəbinin inkişafında, yeni ifaçılar nəslinin yetişməsindəki xidmətlərinə görə Xalq artisti Əlibaba Məmmədov Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb.
Mahnıları
İnandır məni
Yaşa hələ
Sən gərək güləsən
Səni gözlər
Mənim Azərbaycanım
Müxalif təsnifi
Bakı
Şur təsnifi (Yaşa Ürəyim)
Mehriban həkim
Vətən yaxşıdır (Xudayar təsnifi)
Filmoqrafiya
Havalansın Xanın səsi
Maestro Niyazi
Mənim atam Əliövsət Sadıqov
Muğamat var olan yerdə…
Mən Hüseyn Arifəm…
Mükafatları
"Azərbaycan SSR əməkdar artisti" fəxri adı
"Azərbaycan SSR xalq artisti" fəxri adı
"Şöhrət" ordeni
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
"Qızıl çinar" beynəlxalq mükafatı
"İstiqlal" ordeni
"Şərəf" ordeni
Əlibaba Məmmədov 25 fevral 2022-ci ildə 92 yaşında vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn olunub
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.02.2026)


