İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Drijor, Əməkdar artist Eyyub Quliyev deyir: “Atam mərhum Ramiz Quliyev, Xalq artisti, görkəmli tarzən, mərhum Nazim Rzayevlə yaxından tanış idi və dostluq edirdi. Mənə danışırdı ki, onlar müxtəlif əsərlərin üzərində birlikdə çalışıblar, birgə fotolarını da görmüşəm. Sonralar məni konkret olaraq hansı əsərləri ifa etdikləri maraqlandırdı. Atam deyirdi ki, onlar dəfələrlə plenumlarda, qurultaylarda çıxış ediblər və bir çox Azərbaycan bəstəkarının əsərləri ilk dəfə Nazim Rzayevin rəhbərliyi ilə kamera orkestrinin ifasında səslənib.
Atamın yaradıcılıq bioqrafiyasında xüsusi yeri Fikrət Əmirovun “Min bir gecə” baleti tutur. Bu şah əsərin səhnə taleyi Nazim Rzayevin adı ilə sıx bağlıdır. O, baletin əsas dirijorlarından biri olub və baletin uğuruna görə SSRİ Dövlət mükafatına layiq görülüb. Əlbəttə, belə uğurlar böyük peşəkar nüfuz olmadan mümkün deyil. F.Əmirov kimi bəstəkarın etimadını qazanmaq üçün çox möhkəm bədii baza və qüsursuz zövq tələb olunur”.
Nazim Rzayev 14 fevral 1925-ci ildə Bakıda anadan olub. 1951-ci ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını skripka üzrə (professor Marina Kozolunovanın sinfi) bitirib. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında orkestrin konsertmeysteri və Azərbaycan Dövlət Konservatoriyasında kamera sinfi üzrə müəllim vəzifəsində işləyib.
1958-ci ildə ifaçılıqdan dirijorluğa keçib. Bir il sonra Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün hazırlanmasında fəal iştirak edib. 1961–1963-cü illərdə SSRİ xalq artisti Aleksandr Melik-Paşayevin rəhbərliyi ilə Moskvanın Böyük Teatrında dirijorluq təcrübəsi keçib. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasının opera studiyasına rəhbərlik edib.
Onun rəhbərliyi ilə studiyada Çimarozanın "Gizli nikah", Üzeyir Hacıbəyovun "Koroğlu" və Fikrət Əmirovun "Sevil" operaları tamaşaya qoyulub. Nazim Rzayev Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyətində də yaxından iştirak edib. Onun dirijorluğu ilə Bethoven, Çaykovski, Brams, R. Ştraus, Qara Qarayev, Fikrət Əmirov və başqa bəstəkarların əsərləri ifa olunub.
1964-cü ildə Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin bədii rəhbəri və baş dirijoru işləməyə başlayıb. Onun rəhbərlik etdiyi bu orkestrin Üzeyir Hacıbəyovun "Sənsiz" romansı, Qara Qarayevin "Yeddi gözəl" baletində Aişənin rəqsi və "İldırımlı yollarla" baletindən qızlar rəqsini ifa edib. Sonralar dirijorun repertuarında Qara Qarayevin Üçüncü simfoniyası və Klassik süitası, Fikrət Əmirovun "Nizami" simfoniyası, "Gülüstan-Bayatı-Şiraz" muğamı və "Min bir gecə" baleti mühüm yer tutub
Nazim Rzayev rəhbərlik etdiyi kamera orkestri ilə SSRİ-nin bir sıra şəhərlərində, xarici ölkələrdə qastrolda olub. O, 1984–1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının quruluşçu dirijoru olub. Fəaliyyətinin sonrakı illərində isə Türkiyədə işləyib. Dirijor pedaqoji fəaliyyətlə də məşğul olub, 1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1968-ci ildə dosent, 1985-ci ildə professor adlarını alıb.
Mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- SSRİ Dövlət mükafatı
- Azərbaycan SSR Dövlət mükafatı
- "Şərəf nişanı" ordeni
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
Dirijoru olduğu filmlər
Arşın mal alan
Biri vardı, biri yoxdu...
Bizim Cəbiş müəllim
Əmək və qızılgül
Nazim Rzayev 2 may 2006-cı ildə Əskişəhərdə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.02.2026)


