115 il bundan əqdəm... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

115 il bundan əqdəmnə baş verib? Həmin gün Azərbaycan musiqiçisi, görkəmli tarzən, Azərbaycan SSR xalq artisti Bəhram Mansurovun doğum günüdür. Məşhur tarzən 12 fevral 1911-ci ildə Bakıda dünyaya gəlib.

 

Bəhram Mansurov uşaqlıqdan evlərində təşkil olunan musiqi məclislərinin şahidi olub. Babası Məşədi Məlik bəy dövrünün açıq fikirli şəxslərindən biri, həm də istedadlı musiqişünas, mahir çalğıçısı olub. Seyid Əzim, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi məşhur şair və ədiblərimiz onunla yaxın əlaqədə olublar. Evlərində çoxlu tar olub.

 Atası evdən bir yerə gedən kimi balaca Bəhram dərhal divardan asılan tarlardan birini götürüb çalar, özü də bilmədən kökdən salıb divardan asardı. Məşədi Süleyman evə qayıdanda Bəhramın tara toxunduğunu sövq-təbii ilə başa düşər və "mənim tarıma kim toxunub?" - deyə soruşardı. Bəhram da günahını boynuna alaraq "hardan bildin ki, mən toxunmuşam" - deyə uşaq məsumluğu ilə soruşar, atası "tarın kökündən" - deyə cavab verərdi.

 Onun tara, musiqiyə olan həvəsini görən Məşədi Süleyman Bəhrama həmişə deyərmiş: "Mən hiss edirəm ki, sən tarı birdən-birə çalacaqsan. Sənə öyrətmək lazım deyil". Doğrudan da Bəhram 8 yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərinə kökləyib. Bəhram Mansurovun 19 yaşı olanda Müslüm Maqomayev onu ilk notlu xalq çalğı alətləri orkestrinə, daha sonra isə Opera və balet Teatrına solist-tarzən kimi dəvət edib.

Bəhram Mansurov opera səhnəsində Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işləyir. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları teatra cəlb edərək onları tamaşalara hazırlayıb.

 

Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında Azərçaycan muğamları UNESCO xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb. O, 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib. Bəhram Mansurov Sadıqcandan sonra klassik Azərbaycan muğamlarını qoruyub saxlayan və təbliğ edən yeganə tarzən olub.

 Onun ifasından bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınıb.

Bəhram Mansurov yaradıcılığının böyük bir hissəsi Opera və Balet teatrı ilə bağlıdır. 1922-ci ildə Leyli və Məcnun operasında Sona Hacıyeva və Hüseynqulu Sarabskinin oyunundan və Qurban Pirimovun tarının səsindən təsirlənən Bəhramda həmin teatrda işləmə həvəsi yaranıb. 1932-ci ildə Opera və Balet Teatrının bədii rəhbəri və dirijoru bəstəkar Müslüm Maqomayev onu bu teatra solist-müşayiətçi vəzifəsinə dəvət edib.

 Məşhur Hüseynqulu Sarabskini Məcnun rolunda artıq Bəhram müşayiət etməyə başlayıb. 54 il – ömrünün sonuna kimi muğam operalarını müşayiət edib. O, "Leyli və Məcnun" operasında muğam hissələrini Üzeyir Hacıbəyovun ciddi nəzarəti altında ifa edib. 1934–35-ci illərdə Bakıdakı Azərbaycan Hərbi Diviziyasının siyasi şöbəsinin rəisi Məmmədəli Əliyev Bəhram Mansurova hərbi özfəaliyyət ansamblına rəhbərlik etməyi təklif edib.

 O, 1936-cı ildə Tbilisidə keçiriləcək hərbi orkestrlərin Zaqafqaziya musiqi olimpiyadasında işritak etmək üçün kollektivi hazırlamağa başlayıb. Bəhramın rəhbərlik etdiri ansambl Gürcüstanın paytaxtında uğurla çıxış edərək fəxri fərmanlarla Azərbaycana qayıdıb. Bu uğuruna görə Bəhram Mansurova Azərbaycan diviziyasının rəhbərliyi tərəfindən təşəkkür elan edilib.

 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündəki konsertlərin birində Bəhram Mansurov "Mahur-hindi" muğamını solo, digər konsertdə isə "Əraq" muğamını ifa edən Əlövsət Sadıqovu üçlüyün tərkibində müşayiət edib.  Müharibəyə qədərki konsert fəaliyyətini uğurla keçirib.

Belə ki, 1939-cu il noyabrın 17-də qəzetlərdə yazılıb ki, Bülbülün rəhbərliyi ilə mədəniyyət xadimləri Samur-Dəvəçi kanalının inşaatçıları qarşısında çıxış ediblər. Burada 3 gün ərzində artistlər 15 min kolxozçu və inşaatçılar qarşısında 30-dan çox konsert veriblər. 1941-ci ildə Moskvada estrada artistlərinin festivalı keçirilib.

Azərbaycandan dəvət olunan konsert qrupunun tərkibində müğənnilər və aktyorlarla yanaşı Bəhram Mansurov da olub. Bəhram Mansurovun xatirələrindən:

 

"İyunun 21-də bizim qatar Moskvaya yola düşdü. Səhər Rostova çatanda dəhşətli xəbər eşitdik: "Müharibə başlayıb!". Bir neçə gündən sonra Moskvaya çatdıq. Hərbi vəziyyətlə əlaqədar Bakıya qayıtdıq. Bir çox mədəniyyət işçiləri, o cümlədən mən də "bron" alıb, xüsusi təşviqat qruplarının sərəncamına göndərildim. İncəsənət adamları cəbhə xəttində döyüşçülər, arxada isə qospitalda yaralılar qarşısında konsertlərlə çıxış edirdilər".

Vaxtilə tanınmış bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd-ovşarı" simfonik muğamlarının yazarkən qocaman musiqiçilər Seyid Şuşinski və Qurban Pirimovla məsləhətləşərdi. Sonuncu simfonik muğamı olan "Gülüstan-Bayatı-Şiraz"ı isə Bəhram Mansurovun ifası əsasında yaradıb.

60–70-ci illərdə bəstəkar Nəriman Məmmədov "Çahargah" və "Rast" muğamlarını Bəhram Mansurovun ifasından nota yazıb. Azərbaycan xalq musiqisi nümunələri olan dəramədlər, rənglər, diringilər, təsniflər, zərblər, şikəstələr, saqinamələr, marşlar, saz havaları və s. tarzənin oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınıb.

Muğam sənətinin nüfuzlu bilicisi kimi, Bəhram Mansurov radioda "Muğam" və televiziyada "Məktəblilərin musiqi klubu" verilişlərinin məsləhətçisi olub. Bir çox özfəaliyyət müsabiqələrində münsiflər heyətinin üzvü olub. O, dəfələrlə müxtəlif auditoriya qarşısında muğamlar haqqında çıxışlar edib, dövri mətbuatda mütəmadi olaraq muğamın tarixi və bu günü barədə fikrini bildirib.

Bəhram Mansurovun tarda yalnız sol əllə, mizrab vurmadan çalmaq üsuluna "mizrabi — dəstkəri" deyilir. Azərbaycanda bu üsuldan əvvəllər yalnız Sadıqcan, Məşədi Süleyman və Mirzə Mansur kimi musiqiçilər istifadə edib. Öz dövrünün ifaçıları arasında "mizrabi-dəstkəri"dən istifadə edən yeganə tarzən Bəhram Mansurov olub.

 

Mükafatları:

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

- "Qafqazın müdafiəsinə görə" medalı

- Azərbaycan SSR əməkdar artisti

- "Şərəf nişanı" ordeni

- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

- "Əmək veteranı" medalı

- Azərbaycan SSR xalq artisti

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı.

 

Görkəmli tarzən 1985-ci il mayın 14-də, 74 yaşında, Bakıda vəfat edib. Bəhram Mansurov Yasamaldakı köhnə qəbristanlıqda dəfn olunub.

2011-ci il fevral ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bəhram Mansurovun anadan olmasının 100 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.