Biri məşhur neftçi, biri məşhur xanəndə - Salmanovlar! Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün 12 fevral tarixi Azərbaycanın tanınan xanəndəsi, Opera və Balet Teatrının solisti Əməkdar artist, Prezident təqaüdçüsü adına layiq görülmüş mərhum Mais Salmanovun doğum günüdür.

 

Məşhur neftçi, alim, Rusiyada Tümen neft yataqlarının istismarının təməlqoyucusu Fərman Salmanovu kim tanımır, Mais Salmanov da onun qardaşıdır.

Mais Salmanov 12 fevral 1933 - cü ildə Şəmkir rayonunun Morul kəndində anadan olub. Azərbaycan Dövlət Universitetini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, uzun müddət Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun rolunun ifaçısı olub.

Mais Salmanov 1982-ci ildə Ağdam Musiqi Texnikumuna direktor təyin edilib. Texnikumun inkişafında onun xüsusi xidmətləri olub.  Musiqi ocağına əlavə korpus məhz onun rəhbərliyi dövründə inşa edilib.

Mais Salmanovun rəhbərliyi dövründə atılan addımlardan biri də texnikumda "Opera studiyası"nın yaradılması olub. "Opera studiyası"nda "Leyli və Məcnun" , "Şah İsmayıl" əsərlərindən pərdələr hazırlanıb və o dövrdə Akademik Milli Dram Teatrı ilə sıx əməkdaşlıq əlaqələri qurulub. Hətta məşqlər korifey sənətkar Arif Babayevin və xalq artisti Qəndab Quliyevanın iştirakıyla aparılıb.

Sənətkar 1978 - ci ildə Azərbaycanın Əməkdar artisti, 2000 - ci ildə Prezident təqaüdçüsü adına layiq görülüb. Mais Salmanov 25 iyul 2008 - ci ildə Bakıda vəfat edib.

 

Xalq artisti Əlibaba Məmmədov onun barəsində xatirələrini mediayla bölüşərək deyib:

 “Mais Salmanov sənət yoldaşımdan əlavə, həm də mənim tələbə yoldaşım olub.  Seyid Şuşinskinin sinfində 4 il birlikdə oxumuşuq. Çox yaxşı  və keyfiyyətli səsi vardı. Səs var ki, adamı yorur, ancaq Maisin səsində bir məlahətlilik, axıcılıq hiss olunurdu. Həzin oxuyardı, qışqıraraq oxumurdu. Mən həmişə bütün çıxışlarımda da qeyd etmişəm ki, qışqırmaq oxumaq deyil.

Oxuyursansa sakit oxu dinləyicini qışqıraraq, yormaq lazım deyil. Hələ bir qışqırmaqdan əlavə xaric də oxuyurlar, bu artıq mənə pis təsir edir. Bu əlamətlərin heç biri Maisdə yox idi. Onun səsində bir axıcılıq vardı. Səsi kimi özü də sakit adam idi. İnanın ki, dindirməsən səsi də çıxmazdı”.

Əlibaba Məmmədovun sözlərinə görə, Mais Salmanovun səlist oxumağı vardı, necə oxuyurdusa, adamın ruhu da incimirdi, əksinə dincəlirdi:

"Hətta Opera və Balet Teatrında Məcnun rolunda da oynayıb. O vaxtı hər adamı Məcnun kimi götürmürdülər. Səsinin gücü çatırdısa, görüntün Məcnunu ifadə edirdisə, sənə şərait yaradırdılar. O zamanlar səhnəmizdə tək-tük Məcnun vardı ki, onlardan biri də Mais idi.

Maislə o qədər toylarda olmuşuq ki, həm də onu  toya mən aparırdım. Toyları təşkil edirdim, Maislə birlikdə toyu başdan-ayağa  idarə edirdik. Onun kimi sənətkarlar bir dəfə gəlir dünyaya. Mais kimi sənərkarlar bənzərsizdilər, sanki səsləri ilə yaddaşlara bir iz qoyurlar. Demək istəyirlər ki, dünyadan köçsəm də, səsimlə məni xatırlayın.

Onunla bağlı xatirlərim əsasən toylarda və konsertlərdə olub. Həmyaşıd olmuşuq,  bir-birimizə güldən ağır söz deməzdik, bax o, elə bir insan idi. "Humayın" ansambılı ilə nə qədər konsertlər verib. Musiqi sənətində xeyli xidmətləri olub.  Bu kimi xidmətləri dansaq, onda biz insan deyilik ki... Mənim bir xasiyyətim var, yalandan kimisə tərifləyə bilmərəm.

Yaxşıya yaxşı, pisə də pis deyirəm. Niyə tərifləyim ki, yalandan?

Amma onun haqqında  nə desəm azdır. Bilirsiniz, yaxşı səsin, oxumağın ola bilər, ancaq yaxşı insan olmaq hər adama nəsib olmur. Bir insanda bu kimi xüsusiyyətlər cəmləşibsə, demək o insan Tanrının yaratdığı bir möcüzədir. Maisi Ağdam Musiqi Texnikumuna direktor təyin etdilər. Uzun müddət orda işlədi...

Bir gün mənə zəng vurdu ki, istəyirəm ki, gəlib burda müəllim kimi işləyəsən. Dedim ki, Mais, hara gəlim, bilmirsən ki, mən Asəf Zeynallı adına texnukumda dərs deyirəm, nə qədər də tələbələrim var? Bunları necə atım gəlim? Uzun sözün qısası dedi ki, "yox ey, gəl yanımda işlə. Sənsiz darıxıram, gözümün qabağında ol".

Nəysə sözün yaxşı mənasında saqqızımı oğurlayıb məni də öz yanına apardı. Aparmağına görə demirəm, orda mənə o qədər hörmət elədi ki, həm maddi, həm mənəvi. Getməyimə də dəyərdi. Deyərdim ki, texnikumda ona daha yaxından  bələd oldum. Çox gözəl insan idi, Allah ona qəni-qəni rəhmət eləsin".

 

Əməkdar artist İsmayıl Ələkbərov Mais Salmanovla teatrda 20 il birgə işləyib:

"Mais Salmanov haqqında bəlkə də saatlarla danışsam, yorulmaram. Kim necə deyir bilmirəm, amma deyərdim ki, Mais ən çox mənimlə yaxın olub. Məndən hardasa altı bahar böyük idi. Aramızda yaş fərqi o qədər də çox deyil, sözün əsl mənasında canlara dəyər oğlan idi. Deməli mən Azərbaycan Opera və Balet Teatrına qəbul olunan zaman ilk dostluğumuz elə ordan başladı.

Ömrünün axırına kimi elə teatrda da işlədi.Tez-tez onunla birlikdə qastrollara səfərlərə gedirdik. Bütün rayonları onunla birlikdə qarış-qarış gəzmişik. "Leyli və Məcnun" operasında o Məcnunu, mən də Zeydi oynayırdım. Həmişə məni Şəmkirdəki evlərinə qonaq aparardı. O vaxtlar çobanların xüsusi toplaşdığı yerlər vardı. Həmişə gedib onlara ayrıca konsertlər verirdik. Bir gün yenə çobanlardan təklif aldıq... Budəfəki səfərimiz Gürcüstan sərhəddinə oldu. Gecə vaxtı idi, sən demə çobanlar bilib ki, biz ancaq gecəyə çatarıq ora.. Çağırılan yerə çatanda acından ölürdük. Getdik ki, bizə bir süfrə açıblar, kababdan belə bişiriblər. Mais dedi ki, "ə di gəl indi oxu, belə yeyib-içməkdən sonra oxumaq olar?".

Çox baməzə insan idi. Heyif o dostdan, onunla xoş günlərimiz keçirdi. Maisi çox yerdə yaxşı tanıyırdılar, hər bölgəyə konsertə gedəndə, mütləq idi ki, kimsə onu qonaq aparsın. İnanın ki, qastrollara gedəndə biz oteldə qalırdıq, amma Maisi həmişə qonaq aparırdılar".

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.