İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
İlk uğuru 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə "Bolşoy Teatr"ın səhnəsində solo ifa etdiyi "Cücələrim" mahnısı olub. Məhz Suğra Bağırzadənin ifasında və maestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə "Cücələrim" mahnısı Artek pioner düşərgəsində buraxılan "Dünyanın ən yaxşı uşaq səsləri" musiqi valına daxil edilib.
12 yaşında istedadlı qız "Azərbaycanfilm" kinostudiyasına dublyaj aktrisası kimi dəvət olunub…
Bu gün anadan olmasının 79-cu ildönümü qeyd edilən Suğra Bağırzadə 10 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub, Bakı şəhərində 7 saylı tam orta məktəbdə orta təhsil alıb. Uşaq yaşlarından incəsənətə böyük marağı olub.
8-ci sinifdə oxuyarkən rejissor Zeynəb Kazımovanın "Yollar və küçələrlə" qısametrajlı filmində baş rolda çəkilib. 1963-cü ildə o, Ağarza Quliyevin böyük populyarlıq əldə edib, o vaxtdan böyük uğur və tamaşaçı məhəbbəti qazanan "Ulduz" filmində Yetər roluna dəvət olunub.
Suğra Bağırzadə 1970-ci ildə Azərbaycan Neft Akademiyasının Mühəndislik-texnologiya fakültəsini bitirdikdən sonra yenidən kinostudiyaya mühəndis kimi qayıdıb. Bununla yanaşı aktrisa kimi fəaliyyətini davam etdirmiş və bir çox filmlərdə yadda qalan obrazlar ifa edib. Onun əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan hobbisi tədricən daha bir peşəyə keçib. Təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini gətirib.
"Floristika" İncəsənətə Dəstək adlı ictimai birliyin yaradıcısıdır. Aktrisa həm də Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Kinematoqrafçılar, MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasının, həmçinin 2004-cü ildən Ümumdünya Floristlər Şurasının üzvüdür. Bu şuraya 27 ölkə daxildir. Şurada nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə təmsilçisidir.
Şura tərəfindən "Floristika sənayesində yeni peşəkar istiqamət" sertifikatı ilə mükafatlandırılıb. 200-dən artıq əsəri var. Bu günə qədər Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zellandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil edib. Həmçinin Ümumdünya Floristlər Şurasının müxtəlif ölkələrdə keçirilən sammitlərində əsərləri nümayiş olunub. Azərbaycan dilində ilk dəfə nəşr edilən "Floristika" kitabının müəllifidir.
Filmoqrafiya
- Yollar və küçələrlə
- Ulduz — Yetər
- Alma almaya bənzər- telefonçu qız
- Şir evdən getdi - aeroport işçisi
- "Bu gün, sabah və …"
- Tələ
- "Cücələrim"
- Yuxu - maşındakı qız
- Güllələnmə təxirə salınır!...
- Sonuncu şahid
Mükafatları
- Azərbaycan Respublikasının əməkdar artisti — 1 avqust 2008-ci il tarixli, 2960 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunub.
- "Fəxri doktor", "Beynəlxalq qızıl ulduz" medalı, "Türk DünyasıNda İlin Mədəniyyət Xadimi" — Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk dünyasının mədəniyyətinə və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına verdiyi töhfəyə görə təqdim edilib.
- "Floristika sənayesində yeni peşəkar istiqaməti" diplomu – Ümumdünya Floristlər Şurası tərəfindən əsərlərin unikal olması və onların yaradılmasında tətbiq olunan innovativ texnologiyalara görə verilib.
- "Fəxri Fərman" diplomu– Sankt-Peterburqda keçirilmiş Beynəlxalq Florist Dizaynerlər Sərgisində iştirakına görə təqdim edilib.
- "Peterhofun dostuna həsr olunmuş təqdimat" diplomu – Peterhofun 300 illiyinə həsr olunmuş kolleksiyanın orijinallığına görə verilib.
- "Borc və şərəf" ordeni, "fayda, şərəf və şöhrət" ordeni – Birləşmiş Millətlər Təşkilatının İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)


