İnciMəmmədzadə, “Ədəbiyyat və incəsənət”
Şahin Növrəsli barəsində tək "Dünya caz səhnəsinin yeni ulduzu" demirlər, həm də "Dahi həmvətəni Vaqif Mustafazadənin davamçısı" deyirlər. Bu gün onun doğum günüdür, ömrününü 49-cu baharına qədəm qoyur və 50 illik əlamətdar rəqəmlərə doğru növbəti illik uğurlar sıralanmasına hazırlaşır.
Şahin Növrəsli 10 fevral 1977-ci ildə Bakıda anadan olub. Dahi Azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlayıb və artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Müəllimlərin israrına görə öz təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirib və oxuduğu illər ərzində klassik musiqi ilə dərindən və ciddi məşğul olub.
18 yaşında Ş. Növrəsli Raxmaninovun İkinci Konserti ilə çıxış edib və münsiflər heyətinin ən yüksək qiymətinə layiq görülüb. Bakı Musiqi Akademiyasında oxuyarkən musiqiçi özünü tamamilə klassik və caz musiqisinə həsr edib. Həmin vaxtdan daimi qastrollar, turlar, beynəlxalq festivallar onun həyatının ayrılmaz hissəsi olub. Səfərlərdən və konsertlərdən sonra nadir istirahət dəqiqələrində Şahin yeni layihələr üzərində işləyir\
Caz triosu ilə xalq çalğı alətlərinin sintezi nəticəsində Neytn Pek, Aleksandr Maşin, Nurlan və Arslan Növrəslilərin iştirakı ilə yaranan "Əbədi yol" adlı layihə belə ərsəyə gəlib. Daha bir proyekt isə caz solo proyekt və klassik solo proyekt "Clajamu"-dur. Şahin Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin və başqa tanınmış musiqiçilərlə çıxışlar edib və albomlar yazdırıb.
Şahin Növrəsli Türkiyə, Fransa, Rusiya, Azərbaycan və konsertlərlə çıxış etdiyi ölkələrin universitetlərində və məktəblərində ustad dərsləri verir. Şahin Növrəslini dünya cazının yeni ulduzu adlandırırlar... Qısa müddət ərzində Şahin caz musiqisinin məğzini və onun çoxobrazlı imkanlarını o qədər dərindən başa düşmüşdür ki, özünün ABŞ və Avropada beynəlxalq festivallarda çıxışları ilə ən mahir biliciləri və professionalları heyrətə salıb.
Rusiyanın paytaxtındakı çıxışı ərəfəsində Moskva cazmenləri onu bu cür təntənəli epitetlərlə qiymətləndiriblər: "Dahi həmvətəni Vaqif Mustafazadənin davamçısı", "Dünya caz səhnəsinin yeni ulduzu".
Artıq müasir dövrdə Şahini Azərbaycan cazının vizit kartı adlandırmaq olar. Ona Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini əlverişli sintez etmək müyəssər olub.
O, öz musiqisində iki böyük mədəniyyəti – Qərb və Şərq mədəniyyətini birləşdirə bilib. Eqzotik melodiyalarin sakit-sakit fırlanaraq toxunuşu, iti harmoniya, şıltaq şərq ritmləri, və elə oradaca döngədə super sürətli qaynar amerikan cazı – bu Şahin Növrəslinin musiqisidir.
Şahin Növrəslinin çoxsaylı müsahibələrindən birinə diqqət edək:
-İndi əksəriyyət şou-biznesə can atar ki, qaz vurub qazan doldursun. Amma Siz şou-biznesdən kənar gəzirsiniz. Qardaşınız Nurlan isə şou-biznes aləminin tanınmış simalarındandır...
+İndiyədək mən özümü caz musiqiçisi kimi göstərmişəm. Amma indi klassik musiqilər ifa etmək istəyirəm və buna hazırlaşıram. Konsertlərdə isə həm klassik, həm də caz musiqiləri səsləndirmək istəyirəm. Musiqiçi həmişə yeniliyə can atır. Darıxdırıcı olmasın deyə, başqa janrda da musiqilər çalmaq istəyirəm. Azərbaycanda musiqiçilər arasında caza sevgi həmişə olub. Dinləyicilərin də istəyi var, hamı caza qulaq asmağa maraqlı olub. Baxmayaraq ki, rəhmətlik Vaqif Mustafazadənin dövründə cazmenlərə təzyiq vardı, bununla belə, cazla məşğul olan musiqiçilər çox idi. İndiki dövrdən fərqli olaraq, o vaxtlar klassik musiqidən tutmuş caza qədər səviyyəli musiqiyə qiymət verilirdi. Buna görə, musiqiçlər caza həvəslənirdilər. Amma indi musiqiçilər yaxşı pul var deyə, pop musiqisinə, şou-biznesə qaçırlar.
-Yaxşı musiqiçilərin bir çoxu da burada işləməkdənsə, xaricə üz tuturlar...
+Həmişə belə olub. Bu da sosial vəziyyətdən asılıdır. İndi insanlar həvəskar musiqiyə üstünlük verdiklərindən, professional musiqiçi diqqət və qayğıdan kənarda qalıb.
-Bu, sizi həvəsdən salırmı?
+Xeyr. Doğrudur, musiqiçinin rahat işləməsi üçün yaxşı şəraiti olmalıdır. Nəyə görə mən gedib Amerikada işləməliyəm? Fikirləşirəm, bu gün elə müğənnilər, bəstəkarlar var ki, notun nə olduğunu bilmirlər. Yəni özlərini musiqiçi sayanlar not bilmirlər, amma maddi tərəfi fikirləşəndə, elə götürək mənim özümü, qat-qat yüksəkdədirlər. Halbuki, mən Azərbaycan musiqisini Amerikada, Avropada təbliğ etmişəm.
Yəni Şahin Növrəsli deyiləndə, oralarda söhbətin kimdən getdiyini bilirlər. Bunu özünütərif kimi qəbul etməsinlər. Yaradıcı insan heç vaxt var-dövlət, milyon haqda düşünmür. Rahat işləmək üçün babat şəraitim olsa, bəsimdir. Şərait ona görə lazımdır ki, mən düşündüklərimi dinləyiciyə rahat çatdıra bilim.
Amma yenə deyirəm, mən özüm musiqidən həzz alıram. Ona görə də, digər məsələlərə o qədər də fikir vermirəm. Məni 10 il bundan əvvəl heç kim tanımırdı. Oturub öz işimlə məşğul idim. Heç kəs də eşitmirdi ki, mən nələri ifa edirəm. Amma həmin musiqidən özüm həzz alırdım.
-Sizi rəhmətlik Vaqif Mustafazadənin davamçısı kimi görürlər. Amma bilirsiniz ki, məhz cazmen olduğuna görə onun həyatı o qədər də xoş keçməyib. Bu, sizi qorxutmur ki?
+Yox, o dövr başqa idi. Onda kömək edən insanlar da az idi. Mən 5 yaşımdan musiqidəyəm. 30 ilə yaxındır, sənətdəyəm. Amma 8-9 il əvvələ qədər tanıyan yox idi. "Bakı Caz Mərkəzi"nin açılışında iştirak edəndən sonra məni başqa ölkələrə dəvət etdilər. Belə köməklik o dövrdə Vaqifə göstərilməyib.
Və ola bilməzdi ki, o dövr Vaqif kimi musiqiçilər yox idi. Onun kimi musiqiçilər olub, amma yəqin ki, məhz Vaqifin qarşılaşdığı çəkinlikləri görüb susublar. Bir məsələ də var ki, bəlkə də Vaqifi Vaqif edən həmin çətinliklər idi. Musiqiçiyə bəzən çətinliklə qarşılaşmaq da lazımdır ki, əziyyət görsün, ona dözsün, sənətə sevgisi qətiləşsin.
Konsertləri
2003-cü il
- 28 Oktyabr - Bakı Caz Mərkəzində, Bakı, Azərbaycan
- 5 Noyabr - Briksendə 'Gruppe Dekadenz da', İtaliya
2004-cü il
- 8 Aprel - Caspian Jazz & Blues Festivalında, Bakı, Azərbaycan
- 19 İyun - Bakı Caz Mərkəzində, Bakı, Azərbaycan
- 24 İyun - Hot Summer Jazz Festivalında, Mineapolis, ABŞ,
- 23 Sentyabr - Black Sea Jazz Festivalında, Soçi, Rusiya
2005-ci il
- 16 Fevral - Şahin Növrəslinin Triosu Neytn Pekin (baslar) və Aleksandr Maşının (zərbəli alətlər) iştirakı ilə, İstanbul, Türkiyə
- 19 Fevral – Şahin Növrəslinin Triosu Neytn Pekin (baslar) və Aleksandr Maşının (zərbəli alətlər) iştirakı ilə, Musiqi Evi, Moskva, Rusiya
- 5-11 Aprel - Baku International Jazz Festival, Azərbaycan. Şahin Növrəslinin yeni Triosu Neytn Pekin (baslar) və Ellison Millerin (zərbəli alətlər) iştirakı ilə.
Və s.
Şahin Növrəsli 5 dəfə Prezident mükafatına layiq görülüb. Əməkdar artistdir. 50-sində inşallah, Xalq artisti də olar.
“Ədəbiyyat və incəsənət”
(10.02.2026)


