Bu gün Xalq artisti Şövkət Ələkbərovanın anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Təqvimin 7 fevral günündə yada çox şey düşür, amma əksər musiqisevərlərdə 7 fevral günü ağır bir dərd yükünü daşıyır – yüz minlərin sevimlisi olan, ecazkar səsə malik müğənni Şövkət Ələkbərovanın vəfat etdiyi günün ağırlığı çox böyük olub.. Bəli, bu gün böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın anım günüdür.

 

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Onun anası qızlardan ibarət orkestrdə tar çalırdı və qızını tez-tez məşqlərə aparırdı. Atası xalq musiqimizi, muğam və aşıq musiqisini sevən bir adam olub. Şövkət Ələkbərovada kiçik yaşlarından musiqiyə böyük maraq yaranıb.Məhz bu maraq 12 yaşında onu musiqi məktəbinin kamança sinfinə gətirib. Tezliklə onların evində tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət xalq üçlüyü yaranır. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlayıb. 1938–1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub.

1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib.

Və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyub və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub.

1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb. "Görüş", "Bəxtiyar", "Onu bağışlamaq olarmı?" filmlərinə Tofiq Quliyevin yazdığı mahnılar Şövkət xanımın ifasında xalqımızın dilinin əzbəri olub.

 

Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" filmində Sənəm rolunun musiqi partiyalarını məhz Şövkət Ələkbərova ifa edib. Müğənninin bəstəkar Cahangir Cahangirovun "Füzuli" kantatasının II hissəsində oxuduğu "Məni candan usandırdı" romans xarakterli musiqi parçası xalqın ürəyinə yol tapıb.

 Emin Sabitoğlunun "Şirin dil" mahnısı Şövkət Ələkbərovanın repertuarında xüsusi yer tutub. Mahnının sözləri Kərkük bayatıları-ndan götürülüb. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

Gəlini Gülarə xanım müsahibələrindən birində deyib:

 “Övladlarından başqa Şövkət xanım öz qardaşı uşaqlarına da baxıb. İkinci Dünya Müharibəsi zamanı Şövkət xanımın böyük qardaşı Mirələkbər itkin düşüb və yoldaşı da dünyasını dəyişib. Onların qızı Validə isə onda bir neçə aylıq körpə olub və Şövkət xanım ona öz qızı kimi baxıb, böyüdüb, boya-başa çatdırıb.

 Validə üçüncü sinifdə oxuyarkən məktəbdə öyrənib ki, Şövkət xanımın öz qızı deyil. Lakin Şövkət xanım ona “qızım, düzdür, mən sənin əslində bibinəm, amma səni anan kimi çox istəyirəm, mənim doğma balamsan” deyib. Validə Şövkət xanımın tərbiyəsini alıb böyüdü və Şövkət xanım onu gəlin köçürdü”.

Şövkət Ələkbərova həm də gözəl müəllimə olub. O, Azərbaycanın hər qarışını diyar-diyar gəzib istedadlı uşaqları seçib Bakıya gətirib. Tələbəsi Aybəniz xanım Haşımova deyir ki, Şövkət Ələkbərova çox əliaçıq insan olub: Bir dəfə eşitdim ki, Şövkət xanım xəstələnib. Gedib onların qapısının ağzında saatlarla əyləşdim ki, ondan bir xəbər bilim. O, özü də bunu biləndə çox təəccüblənmişdi. Sonralar biz tələbələri onun evinin tez-tez gedib gəlməyə başladıq. O, heç vaxt bizi ac-susuz buraxmazdı. Xalq da, dövlət də onu ürəkdən sevib.”

Böyük sənətkar 1993-cü il fevralın 7-də dünyasını dəyişib. Son müsahibəsini tanınmış diktor Rafiq Hüseynova verib. Hərkəsinhəyatındanarahatlıqlarolabilər. Mənim həyatımda da olub. Amma bütün bunlara baxmayaraq mən xoşbəxt insanam”, -deyib Şövkət xanım.

 

Təltif və mükafatları

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

 

Repertuarı

- Axşam (Qaş qaralır)

- Ayrılıq

- Aldatmayaq bir-birimizi

- Ay Qız

- Ağlaya-ağlaya

- Bir könül sındırmışam

- Bakı

- Dərələr

- Gəl səhərim

- Gedək üzü küləyə

- Oxu gözəl

- Neylərəm (İmaməddin Nəsimi / Süleyman Ələsgərov)

 

Filmoqrafiya

- İştirak etdiyi filmlər

1. Doğma xalqıma

2. Payız konserti

3. Oxuyur Şövkət Ələkbərova

4. Azərbaycan elləri

5. Səs

 

-Mahnı ifa etdiyi filmlər

- Görüş

- Mahnı belə yaranır

- Qızmar günəş altında

- Kölgələr sürünür

- Ögey ana

- Aygün

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.