Musiqi dünyamızın parlaq adı – Yavər Kələntərli
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Haqqında danışacağım şəxsin adı çox məşhurdur. Yavər Kələntərli. Əlbəttə ki, bu adı eşitmisiniz.
Yavər Kələntərli 26 mart 1902-ci ildə Şamaxıda anadan olub. O, muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısıdır. 1932–1937-ci illərdə Azərbaycan radiosununun və 1937–1941, 1945–1951-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Leyli, Leylinin anası ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", Müslüm Maqomayev) və digər partiyaları ifa edib.
Yavər Kələntərli bu dünyada cəmi qırx gün atalı olub. O, dünyaya 26 mart 1902-ci ildə gəlib. Bu həmin iliydi ki, Şamaxını zəlzələ viran qoyub. Anasının, bibilərinin ölənədək unutmadıqları o fəlakət baş verəndə, körpə Yavər beşiyində mışıl-mışıl yatıb. Qəflətən yer-göy lərzəyə gəlib.
Adamlar təlaşla özlərini evdən bayıra atıblar. Hər kəs canının hayındaymış. Anası isə onu bağrına basıb qorunmağa yer axtarır. Bala məhəbbəti can qorxusunu yadından çıxarır. Qızını başlarına yağan daş-kəsəkdən qoruya-qoruya sığınacaq axtarır. Qəflətən ayağı büdrəyib yıxılır. Üz-gözü qana boyanır.
Yenə özünü yox, körpəsini düşünür. O gün aldığı yara sonradan yaxşı olsa da, qadının üzündə həmişəlik iz qoyub. O dəhşətli gündə aldığı başqa bir yara isə onun qəlbindəydi. Ailənin başçısı Abbas da zəlzələnin qurbanı olub. Atası körpə qızını doya-doya sevib-əzizləmədən getmişdi bu həyatdan.
Amma sanki həmişə onun yanında olmaq üçün səsinin gözəlliyini Yavərə verib gedib. Onların nəslində hamı muğamı, musiqini sevib. Amma balaca, şirindilli, hazırcavab, sevimli Yavərə "Qız uşağı oxumaz" dedilər. O da kömür damına qaçar, orda ürəyi boşalınca oxuyardı.
Şöhrətli xanəndə olduğu vaxtlarda onu müayinə edən həkim təəccüblənmişdi: "Səsinizdə qəribə ahəng var, elə bil, kömür şaxtasında işləmisiniz". O, səhnənin, oxumağın ləzzətini görüb-gedib Xudaverdinin evinə.
1916-cı ildə məktəbdə Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsəri tamaşaya qoyulanda, o da Əsgəri oynamışdı. Qızlar məktəbi olduğundan, o zaman məktəbin bir neçə şagirdi kimi ona - Yavər Zamanovaya da kişi rolu düşmüşdü.
Amma onun üçün əsas o idi ki, səhnəyə çıxıb. Gəlin köçəndən sonra isə o, səhnə arzusuna, oxumaq istəyinə son qoyulduğuna əmin idi...
Yavəri qohumları sənətdən, səhnədən uzaq tutmaq üçün əllərindən gələni etmişdilər. Ancaq onun məlahətli səsi bir gün bəstəkar Üzeyir Hacıbəyovun diqqətini çəkdi. Üzeyir bəylə Yavərin qardaşı Hacıbala Zamanov Qori Seminariyasında bir yerdə oxumuşdular. Sonralar isə dost olaraq qalırdılar. Üzeyir bəy Hacıbalagilə tez-tez gələrdi.
Elə onlarda "Leyli və Məcnun" operasının məşqinin aparıldığı vaxtlarda da Üzeyir bəy Yavərin oxumasını dinləmişdi. Üzeyir bəyin aləmində bu səs elə onun Leylisinin səsiydi. Bəstəkarın təklifi Yavərgilin ailəsində razılıqla qarşılanmadı. Amma ona etiraz da edə bilmədilər. Yavər 1922-ci ildə birillik musiqi kursunu bitirdi.
O gün - 1924-cü ilin sentyabrında dayısı oğlu Əlicabbarın evində qurulan məclis Yavərin sənətə gəlməsi üçün bir vasitə oldu. Həmin gün dayısı oğlu dostu Cəmo Cəbrayılbəylinin ağır xəstəlikdən sağalması münasibətilə qonaqlıq verirdi. Bəstəkar Müslüm Maqomayevin masabəyilik etdiyi məclis şən keçirdi.
Birdən Cəmo Cəbrayılbəyli əyilib qonaqlardan birinin - Qulu Hüseynovun qulağına nəsə pıçıldadı. O da ayağa qalxıb, masabəyidən danışmaq üçün icazə istədi. Qulu Hüseynov əvvəlcə Azərbaycan qadınlarının tərifini göylərə qaldırdı, sonra məclisdə iştirak edən Yavər Kələntərlidən söz saldı:
-Mən eşitmişəm ki, Yavər xanım gözəl musiqi istedadına malikdir, muğamatı yaxşı bilir. Onun həm də qüvvətli, məlahətli səsi var. Masabəyidən xahiş edirəm ki, Yavər xanımın bu məclisdə oxumasına icazə versin.
Cəmo Cəbrayılbəyli də dostunun sözünə qüvvət verdi:
-Bəli, həqiqətən də Yavər xanımın çox gözəl oxuması var.
Müslüm Maqomayev gülümsündü:
-Görünür, gözləmədiyimiz yerdən xəzinə tapmışıq. Ümidvaram ki, Mirzə Xudaverdi bizim Yavər xanımı dinləməyimizə müsaidə edəcək.
Masabəyi sözünü bitirər-bitirməz alqış qopdu. Yavər hələ də yerindən qımıldanmırdı. Əlicabbar məsələyə qarışmalı oldu:
-Mənə elə gəlir, nə Yavər, nə də Xudaverdi yeznə bu məsləhətdən çıxmazlar.
Həmişə belə olardı. Dost-tanış, qohum məclislərdə onu oxutmamış əl çəkməzdilər. Amma Yavər yenə həyat yoldaşının cavabını gözlədi. Məclisdəkilərin əksəriyyəti müəllimlər idi. Bu hörmətli ziyalıların yanında etiraza yer yox idi. Xudaverdinin razılığını gözlərindən oxuyan Yavər ayağa qalxdı. Onu ailəvi məclislərdə çox zaman Cəmo Cəbrayılbəyli müşayiət edərdi.
O, indi də Yavərin işarəsini gözləyirdi. Yavər Cəmoya baxıb gülümsünəndə, o dərhal tarını götürüb, Yavər xanımın yanında əyləşdi. Yavər "Segah" üstə "Leyli və Məcnun" poemasından bir qəzəl oxumağa başlayan kimi, məclis sükuta qərq oldu.
Yavər oxuyub-qurtaran kimi məclisi alqış sədaları bürüdü. Onun ünvanına təriflər yağmağa başladı. Sonra Cəmo yenidən tarını sinəsinə basdı. "Kəsmə- Şikəstə"yə başlayıb Yavərə baxdı. Araya sükut çökdü. Yalnız tarın həzin sədaları altında Yavərin ürəkyandıran "Kəsmə-Şikəstə"si eşidilirdi…
Yavər Kələntərli 5 fevral 1979-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(05.02.2026)


