İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Çox səmimi və tərbiyəli insan idi" – onun haqqında bu kəlmələri Xalq artisti İlham Namiq Kamal söyləyibdir. Onun - Azərbaycanın Xalq Artisti Elxan Əhədzadənin barəsində.
Dünənki cümə günü təqvim çox sıx idi deyə Elxan Əhgədzadə barədə söz aça bilmədim. Əvəzini bu gün çıxıram.
Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini 1967-ci ildə açılan C. Cabbarlı adına Kinostudiyanın "kino aktyoru" kursunda Adil İskəndərovun sinfində alıb. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və bir çox tamaşalarda çıxış edib.
R. İbrahimbəyovun "Kto pridyot v polnoç" əsərində Makedon, "Solovyinnaya noç"da serjant Atayev və s. kimi rollar yaradıb. Ali təhsilini isə bir qədər gec, 24 yaşında başlayıb. 1972–1977-ci illərdə İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakültəsini bitirib. Bu dövrdə Rəşid Behbudovun tələbəsi olub.
Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışıb. R. Hacıyevin "Mama, ya jenyus" "Kavkazskaya plemyanitsa" və "Çelovek iz Lamançi" əsərlərində baş rolları ifa edib. Sonralar bir müddət Rəşid Behbudovun "Mahnı Teatr"ında fəaliyyət göstərib. Həmçinin bu müddət ərzində o kinostudiyada "Çətrimiz buludlardır" və "Üzü küləyə" filmlərində baş rollara çəkilib.
O, Opera Teatrının səhnəsində də bir çox yadda qalan obrazlar yaradıb. Ü. Hacıbəyovun "Leyli və Məcnun" əsərində Nofəl, C. Bizenin "Karmen" operasında Eskamin, R. Mustafayevin "Vaqif" operasında Şah Qacar, S. Ələsgərovun "Solğun çiçəklər"də Bəhram və s. kimi rollarda oynayıb.
Musiqili Komediya teatrında bir çox yaddaqalan obrazlar yaradıb. İ. Kalmanın "Nümunəvi qaraçı" operettasında Pali Rac, F. Leqarın "Şən dul qadın" operettasında Danil, S. Fərəcov, Ə. Əmirlinin "Səhnədə məhəbbət" operettasında Rüstəm, Q. Qarayevin "Çılğın Qaskoniyalı" əsərində Sirano və s. kimi rolları yüksək sənətkarlıqla ifa edib.
"Qorxma Mən Səninləyəm" filmin baş rolu üçün də namizəd olaraq göstərilsə də, bu rola Polad Bülbüloğlu seçilib.
Bir sözlə, müğənni-aktyor funksiyasını axıradək şərəflə daşıyıb.
O respublika əhəmiyyətli dövlət tədbirlərində yaxından iştirak edib. 2006-cı ildə Respublikanın Xalq Artisti fəxri adına layiq görülüb.
Filmoqrafiya
- Babək (film, 1979)
- Bəylik dərsi (film, 2007)
- Çətirimiz buludlardır (film, 1976)
- Dədə Qorqud (film, 1975)
- Həyat bizi sınayır (film, 1972)
- Ordan-burdan (film, 1987)
- Üzü küləyə (film, 1977)
- Bakıda küləklər əsir (film,1974)
Səhhəti ağırlaşdığından mədəsindən əməliyyat olunub və əməliyyat zamanı həkimlərin səhvi ucbatından hepatit C virusuna yoluxub. Virusun təsirindən səhhəti daha da pisləşsə də xəstəxanaya getməkdən imtina edib.
8 oktyabr 2010-cu il tarixində Bakı səhərində vəfat edib. Xalq artisti Xırdalan qəbiristanlığında dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.01.2026)


