İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik" – məncə, Xalq yazıçısı Mirzə İbrahimovun bu sözləri Aşıq Ədalət dühasını doğru-düzgün əks etdirir.
Yaxud, məşhur türk yazıçısı Əziz Nesinin bu kəlmələri: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".
Bu gün Türk dünyasının böyük sənətkarı, Əməkdar incəsənət xadimi aşıq Ədalət Nəsibovun anadan olmasının 87-ci ildönümü tamam olur.
Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olub. Saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalıb. 1950-ci ildə Bakıya dəvət olunub.
Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdıb, saza yeniliklər gətirib. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olub. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında aşığın diski buraxılıb.
Saza 5 pərdə, o cümlədən 7 yarımpərdə, 6 sinə pərdəsi əlavə edib. O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.
El şairəsi Səadət Buta çıxışında bildirib ki, aşıq Ədalət Nəsibov bütün Turan dünyasınındır: ”Ədalət Türk dünyası aşıq sənətinin şahıdır. Ədalət sazı çalanda bəzən Koroğlu olurdu, bəzən aşıq Cunun olurdu. Ədalət haqqdan oxuyanda haqqı müdafiə edən hakimə çevrilirdi. Yunis Əmrə demişkən, Ədalət özündə deyildi, “bir mən vardı, məndə məndən içəri” fəlsəfəsi yaşayırdı ustadda.
Ədalətdə bir mən var idi özündən içəri. Min illərdir “Yanıq Kərəmi” çalınıb, hər ustad da onu bir cür çalıb, öz xalını, gülünü vurub, amma Ədalət bu havaya elə bir naxış vurdu, əsrlər keçsə də, o naxış pozulmayacaq.
Kimsə onun ifasına öz ifasını bənzədə bilər, amma o bu havanı Ədalət kimi çala bilməz. Ədalət Nəsibov adi bir adam deyildi, Allahın sevib seçdiyi və dərgahına qaldırdığı sənətkar idi. Ədalət ölməyib, Ədalətin sazı əbədi olaraq Türk dünyasında öz havasını çalacaq”.
Filmoqrafiya
- Yeddi oğul istərəm...
- Aşıq Ələsgər
- Ədalət
- Prima
- Tanrı payım, telli sazım
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
- "Şərəf" ordeni
“Ədalət sağlığında dədə statusunu alan sənətkardır. Xoş bizim halımıza ki, biz aşıq Ədaləti görmüşük, onunla bir məclisdə oxumuşuq, ünsiyyətdə olmuşuq. Sənət yoldaşlarımın dediyi kimi, aşıq Ədalət sazın Ədaləti olduğu kimi, hər zaman ədalətli danışırdı. Heç vaxt heç kimə əyilmədi, həmişə düz danışdı. O, uşaqdan böyüyə, hər kəsin ürəyində iz salan sənətkardır. O, haqqın bizə bəxş etdiyi bir dahi idi”. Bu isə Əməkdar mədəniyyət işçisi Solmaz Kosayevanın sözləridir.
Aşıq Ədalət 14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib. 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub.
“Qazax-xeyriyyə” İctimai Birliyinin təşəbbüsü və maliyyəsi ilə uyuduğu qəbristanlıqda abidəsi ucaldılıbdır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.01.2026)


