Daim maddi ehtiyac və mənəvi sıxıntı içərisində - Bu gün dahi Motsartın doğum günüdür Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Bu gün onun doğum günüdür. Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri, Avstriya  bəstəkarı Volfqanq Amadey Motsartın.

O, 27 yanvar 1756-cı il tarixdə o dövrlər Müqəddəs Roma imperiyasının tərkib hissəsi olan Avstriyanın Salzburq arxiyepiskopluğunun eyniadlı şəhərində Leopold və Anna Mariya Pertl Motsartların ailəsində dünyaya göz açmışdır.

 

Motsartın atası Leopold Motsart Salzburq arxiyepiskop sarayının karelmeyster müavini və bəstəkar idi. Bacısı sonralar söyləyirdi ki, dörd yaşında atamız əyləndirmək naminə ona klavişdə bir-iki parça ifa etməyi öyrədərdi. Körpə bir qədər sonra bu parçaları heç bir səhvə yol vermədən və böyük nəfislikə ifa edirdi. Beş yaşında isə o özü kiçik parçalar bəstələməyə başladı və atamız heyrət içində onları nota yazırdı.

Beş yaşlı fövqəladə musiqi istedadına malik Volfqanq Amadey Motsart haqqında söhbətlər bütün Avropaya yayılmışdı. Onun klavesində, skripkada, orqanda qeyri-adi ifaçılıq ustalığı, improvizasiya etmək (hazırlaşmadan musiqi bəstələmək və çalmaq) sahəsindəki fitri istedadı təkcə musiqi həvəskarlarını deyil, eləcə də məşhur bəstəkarları heyrətləndirirdi. Bir çoxları etiraf edirdilər ki, bu oğlan onların hamısını kölgədə qoyacaq. Motsart orijinal, valehedici musiqi melodiyalarını, demək olar ki, bir an içərisində yaradırdı. Olduqca ahəngdar, təsirli və sadə görünən bu melodiyalarda gah rəqslərə xas zəriflik, şuxluq, gah da mahnılara xas həzinlik, səmimilik, eləcə də duzlu bir məzəlilik güclü idi. 

Motsartın uşaqlıq illərində ailəsi Avropa boyu bir neçə səyahətlər etmiş və Leopold Motsart bu səyahətlərdə uşaqlarının istedadını nümayiş etdirmişdir.

O, musiqinin bir çox janrlarında simfoniya, sonata, simli kvartet, serenada və ara-sıra opera əsərləri yazıb.  Onun ilkin dövrdə yaratdığı əsərləri indi də ifa olunmaqdadır. K. 271 E bemol piano konserti, başlanğıcda solist tərəfindən orkestranın gözlənilməz fasiləsi ilə klassik musiqinin kəşfi sayılır

Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, orqan ifaçısı və dirijor da olmuşdur. Müasirlərinin dediyinə görə dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik olmuşdur.

Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb.  

Onun əsərləri dünyanın ən nüfuzlu orkestrlərinin konsert repertuarlarının ayrılmaz parçasını təşkil edir.    

Motsart Münhendə "La finta giardiniera" adlı operasının premyerasını böyük uğurla həyata keçirir.1781-ci ilin yanvarında Motsartın Idomeneo operası Münhendə böyük uğurla səhnəyə qoyulur. 1782-1785-ci illər ərzində Motsart piano üçün konsertlər seriyası yazır və bu konsertlərdə özü solo ifaçı kimi çıxış edir.  

O, 26 yaşında ikən doğma Zalsburqu tərk edib, Vyanada müstəqil həyata başlayıb. Hər yerdə olduğu kimi, burada da hamı onun klavesində ifaçılıq məharətinə heyran qalırdı. Əsl musiqi həvəskarları Motsartın bəstələdiyi simfoniyalar və sonatalara, “Fiqaronun toyu”, “Don Juan”, “Sehrli fleyta” operalarına valeh idilər. 

Lakin o vaxtlar Vyananın saray teatrlarında italyan bəstəkarları dəbdə olduğundan burada alman musiqisinə düşmən münasibət hökm sürürdü. Motsart öz vətəninin musiqisini yüksəklərə qaldırmaq arzusunda idi. Lakin onun rəqibləri Motsartın yaradıcılıq fəaliyyətini məhdudlaşdırmağa cəhd göstərirdilər. O, knyaz iqamətgahları və zadəgan saraylarında laqeydliklə qarşılanırdı.

1785-ci ilin sonlarına yaxın o piano konsertlərinə ara verir və "Lorenzo da Ponte" adlı librettosu ilə özünün opera fəaliyyətinə başlayır. 1786-ci ildə "Fiqaronun toyu" operası Vyanada uğurla səhnəyə qoyulur. Əsər Praqada da böyük uğur qazanır. Əsərin Praqa uğuru "Da Ponte" operasının sifarişi ilə nəticələnir və nəticədə "Don Ciovanni" operası yaranır.

Motsart 1791-ci ildə imperatorun Praqada tacqoyma mərasimi ilə bağlı şənliklərdə nümayiş etdirilən "La clemenze di Tito" operasının 6 sentyabr premyerasında bərk xəstələnir.  

 

Əsərləri:

"La clemenze di Tito", "Exsulate jubilate", K. 165 solo kantatası, "Sehrli fleyta", sonuncu piano konseri (K. 595 B bemolda), Klarnet konserti (K. 622), simli kvartet seriyasından son kvarteti (E bemolda K. 614),Ave verum corpus kilsə nəğməsi (K. 618) və bitirə bimədiyi Rekviyemi (K. 626).

 

Daim maddi ehtiyac və mənəvi sıxıntı içərisində yaşaması, haqsız təhqirlərə məruz qalması onun səhhətini pozub və onun erkən ölümünə səbəb oldu.

Volfqanq Amadey Motsart  5 dekabr 1791-ci il tarxdə vəfat etmişdir.Ölümündən sonra bəstəkar haqqında bioqrafiyalar ərsəyə gəlmiş və müəlliflər onun yarımçıq qalmış əsərlərini tamamlamaq uğrundə rəqabətə girişmişlər.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2026)

 

 

                                                             

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.