Tanınan bəstəkar, pianoçu, pedaqoq və ictimai xadim Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Xüsusən musiqi nəzəriyyəsi, klassik musiqi sahəsinə meyl həmişə az olub. Bu sahələrə ancaq fədailər gediblər. Onlardan biri də Azərbaycan professional bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri olan Musa Mirzəyevdir ki, bu gün onun doğum günüdür.

 

Musa Mirzəyev 1933-cü il yanvarın 26-da anadan olub. Azərbaycan Respublikasının Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli, prezident təqaüdçüsü olan bəstəkar Musa Mirzəyevin yaradıcılığı genişspektrlidir.

 Belə ki, o, musiqi tarixinə tanınan bəstəkar, pianoçu, pedaqoq və ictimai xadim kimi daxil olub. Musa Mirzəyevin geniş erudisiyaya və ensiklopedik məlumata malik yüksək peşəkar səviyyəli musiqiçi kimi formalaşmasında onun müəllimlərinin xüsusi rolu olub.

 Bəstəkarın musiqi məktəbində sənətin ilk sirlərini öyrəndiyi Əməkdar müəllim Leyla xanım Muradovada, A. Zeynallı adına Bakı Musiqi Texnikumunda oxuduğu illərdə ilk bəstəkarlıq dərsləri aldığı professor Boris Zeydman, xüsusilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində təhsil aldığı dahi bəstəkar və əvəzedilməz pedaqoq, professor Qara Qarayev olub.

Bəstəkarın yaradıcılığında simfonik və kamera musiqisi janrlarında yazılmış əsərlər üstünlük təşkil edir. Onun monumental "I simfoniya", "Simfoniyetta", simli orkestr üçün "II simfoniya", violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar — o cümlədən "Sədini oxuyarkən", "Bayram poeması", truba ilə orkestr üçün "Poema-noktürn", "Yeddi simfonik lövhə" kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, "Gənclik üçün albom"  onun yüksək peşəkarlığının təzahürüdür.

Sənətkar hər bir əsərin ərsəyə gəlməsinə böyük məsuliyyətlə yanaşır. Əsərlərinin böyük əksəriyyəti ilk dəfə görkəmli musiqi kollektivləri — o cümlədən, Ümumittifaq Televiziyası və Radiosunun Simfonik Orkestri, Moskva Filarmoniyasının Simfonik Orkestri, Krım Dövlət Filarmoniyasının Simfonik Orkestri tərəfindən ifa edilib.

 

Bəstəkarın vaxtaşırı Rusiyanın, habelə Türkiyənin müxtəlif şəhərlərində keçirilən kamera musiqisindən ibarət müəllif konsertləri dinləyicilərdə böyük rəğbət doğurur. Musa Mirzəyev həmçinin Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin yeni musiqi redaktəsini hazırlamış və əsər 1999-cu ildə məhz bu redaktədə tamaşaya qoyulub

Bəstəkar uzun illərdir pedaqoji fəaliyyət göstərərək, öz bilik və bacarığını gənc musiqiçi nəslinin yetişdirilməsinə sərf edib. O, 1992-ci ildən görkəmli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin dəvəti ilə bu təhsil ocağında mahir orkestr bilicisi kimi pedaqoji fəaliyyət göstərməyə başlayıb.

Akademiyanın dirijorluq kafedrasında "Simfonik alətləşdirmə" və "Xor aranjimanı" fənlərindən dərs deyən bəstəkar gənc musiqiçilərə sənətin sirlərini böyük həvəslə öyrədib. Musa Mirzəyevin ictimai musiqi xadimi kimi fəaliyyəti də çox önəmlidir. O, müxtəlif illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışaraq təcrübəli musiqi təbliğatçısı və gözəl təşkilatçı kimi respublikanın musiqi həyatında böyük xidmətlər göstərib.

1959-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Musa müəllim ittifaqın 2012-ci ilin dekabrında keçirilən IX qurultayında İdarə Heyətinin üzvü seçilib. Bəstəkar həmçinin "Simfonik musiqi" bölməsinin sədri və Bəstəkarlar İttifaqının Lənkəran bölgə təşkilatının sədri kimi fəal ictimai iş aparıb.

 O, dəyərli məsləhətləri və zəngin təcrübəsi ilə həmişə həmkarlarına yaxından kömək göstərib.

 

Əsərləri

- Sergey Yeseninin sözlərinə "Fars motivləri" vokal-simfonik Poema (1975)

- Piano üçün "Lənkəran əfsanəsi" Fantaziyası (1990)

- Piano üçün 5 uşaq Pyesi (1990)

- Piano üçün "Qəmli melodiya" (1993)

- Piano üçün konsert-rondo (1993)

- Skripka və piano üçün "Cəld hərəkət" (1994)

- H. Ziyanın söz. a'capella xoru üçün "Qeyrət vaxtıdır" Poeması (1995)

- Böyük simli orkestr üçün "Dahi sənətkara – Üzeyir Hacıbəyova ithaf" Poeması (1998)

Musa Mirzəyev 83-cü ad günündən 3 gün sonra, 29 yanvar 2016-cı ildə Bakıda insultdan vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.