Özünün yaratdığı nəfəsli kvintetlə çox qastrollarda oldu... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanda o qədər də populyar olmayan bir çalğı alətinə - fleytaya milli ruh verən məhz o olub. Bu aləti ölkəmizdə sevdirib. Yaratdığı nəfəs alətləri ansamblı ilə də çoxlu uğurlara imza atıb. Bu gün onun doğum günü, yubileyi, anadan olmasının 85-ci ildönümüdür.

 

Müzəffər Ağamalızadə 23 yanvar 1940-cı ildə Bakıda fəhlə ailəsində dünyaya gözlərini açıb. O, Azərbaycan Dövlət Konservatoriyası nəzdində olan 10 illik musiqi məktəbində  P.N.Zilbermanın sinfini bitirib. Daha sonra, 1958–1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet simfonik orkestrində ifaçılıq fəaliyyətinə başlayıb.

 Bu dövr ərzində Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə (1959) iştirak edib. 1959-64-cü illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fleyta sinfinə (Ə.İsgəndərovun sinfi) daxil olub, Solist, orkestra Solisti, müəllim ixtisaslarını qazanıb.

 1960-62-ci illər arasında isə Azərbaycanda keçirilən müsabiqə və yarışmalarda birincilik diplomlarını alıb. 1963-cü ildə isə Leninqrad şəhərində keçirilən müsabiqədə iştirak edib. 1961-72-ci illər ərzində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Solisti olub.

1970-ci ildən nəfəs alətləri kvintetinin ifaçısı kimi fəaliyyət göstərib. 1965-ci ildən etibarən Asəf Zeynallı adına musiqi texnikumunda müəllim kimi çalışıb, 1972-75-ci illərdə isə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində işləyib

Müzəffər Ağamalızadə 1975–1978-ci illərdə Sovetlər birliyi Mədəniyyət Nazirliyi tərəfindən Əlcəzair Bələdiyyə (Dövlət) Konservatoriyasına ezam edilərək, burada həm dərs deyib, həm də konservatoriyanın orkestrində solist olaraq fəaliyyətinə davam edib.

Vətənə qayıtdıqda isə bir çox not nümunələrini özü ilə gətirib. Qeyd olunmalıdır ki, dövrün texnologiya sahəsində məhdudiyyətlərin olmasına baxmayaraq, M.Ağamalızadə həmin notları əlyazma vasitəsilə nüsxəsini çıxarıb.

 

İfaçının pedagoji fəaliyyəti 1979-cu ildə yenidən Bakıda davam edib. Belə ki, 1979-84-cü illərdə Asəf Zeynallı adına musiqi texnikumunda, 1979-cu ildən başlayaraq Azərbaycan Dövlət Konservatoriyasında Nəfəs və Zərb alətləri kafedrasında çalışmaqdadır.

O, 1972-92 illər ərzində özünün yaratdığı və rəhbərlik etdiyi nəfəsli kvintetlə Azərbaycan və Sovetlər Birliyinin bir çox şəhərlərində konsertlər verib. Bununla yanaşı olaraq, onun təşəbbüsü ilə Azərbaycan Radio və Televiziya komitəsində Azərbaycan və Dünya bəstəkarlarının əsərləri lentə alınıb.

1984-cü ildə görkəmli dirijor Niyazinin istəyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin tərkibinə qayıdıb. O, burada 1992-ci ilə qədər çalışdıqdan sonra Türkiyəyə dəvət edilib. İlkin olaraq, Ədirnə şəhərinin Trakya Universiteti Dövlət Konservatoriyasında, daha sonra 1995-ci ildən Ankaranın Bilkənt Universitetində həm orkestr solisti, həm də pedaqoq olaraq fəaliyyətinə davam edib.

Türkiyədə 1992-2002-ci illərdə yaşayaraq çalışıb. Vurğulamaq lazımdır ki, o, Bakıya gəldiyi zaman öz təşəbbüsü ilə eni və uzunluğu 1 metrə bərabər, məhz notlarla dolu olan qutu gətirdib. Onun məhz bu kimi təşəbbüsləri Azərbaycan fleyta ifaçılığı məktəbinin inkişafına verilən töhfələr sırasındadır.

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 may 1989

- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 sentyabr 2005

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 10 may 2019.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.