Şərqin ilk qadın opera müəllifi - Şəfiqə Axundova Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir dəfə Moskvada yayımlanan “Kim milyonçu olmaq istəyir” intellektual şousunda belə bir sual verildi – “Şərqin ilk qadın opera müəllifikimdir?” Və dörd cavab versiyası içində Şəfiqə Axundova cavabı məni hədsiz qürurlandırdı.

 

Bu gün Azərbaycan Respublikasının xalq artisti, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın doğum günüdür.

Şəfiqə xanım 21 yanvar 1924-cü ildə qədim Şəkinin sayılıb-seçilən Axundovlar ailəsində dünyaya göz açıb. Bakıdakı 173 saylı məktəbdə təhsilini davam etdirərkən musiqi məktəbinə də daxil olub.

 Şəfiqə xanımım bacısı Zümrüd xanım böyük ədəbiyyatşünas alim, tənqidçi, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı idi. Dadaşzadənin evində dövrün görkəmli ziyalıları yoldaşları ilə tez-tez qonaq olublar və bacısı Şəfiqəyə qonaqlar üçün royalda musiqi ifa etməyi tapşıb.

Bir gün Zümrüd xanım yazıçı Mirzə İbrahimova deyir ki, "ay Mirzə, bəlkə, sən Şəfiqəni aparıb Üzeyir bəylə tanış edəsən. Deyərsən, belə bir istedadlı qız var". Mirzə İbrahimov razılaşıb.

Beləliklə, Şəfiqə Axundova incəsənət idarəsinin rəisi, yazıçı Mirzə İbrahimov və həyat yoldaşı Sara xanımın vasitəçiliyi ilə Üzeyir Hacıbəyovla görüşüb. Bəstəkar müsahibələrindən birində ustadı ilə bağlı xatirəsini dilə gətirir:

Müharibə illəri idi. Mən cavan vaxtlarımda qırmızıyanaq qız idim. Gəldim dərsə, Üzeyir bəy məni gördü, dedi: “Qalx ayağa. Sənin rəngin niyə belədir?”. Mən də dedim ki, “heç, elə belə”... Dedi “gəl bura”, keçdi stolunun arxasına çantasından çörək çıxartdı. Çörəyin üstünü kəsib mənə uzatdı, alt hissəsini isə özünə saxladı və mənə dedi: “Sənin rəngin mənim xoşuma gəlmir, bunu ye”. Üzeyir bəy mənə çörəyi uzadanda çox utandım. Bu xatirə həyatım boyu yadımdan çıxmaz.

Üzeyir Hacıbəyov ona musiqi təhsili almağı tövsiyə edib və Hacı Xanməmmədovun tar sinfinə göndərib. Bir ildən sonra o, Ağabacı Rzayevadan tarın sirrlərini öyrənib. Beləliklə, Şəfiqə Axundovanın uğurlu təhsil yolu Üzeyir bəyin xeyir-duası ilə 1941-ci ildən başlayıb.

O həmçinin Fatma Zeynalova və Məmməd Nəsirbəyovdan musiqi nəzəriyyəsini öyrənib.

1943-1944-cü illərdə Şəfiqə xanım Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alıb. Sonra Azərbaycan Dövlət Konservatoriyasında həm musiqi nəzəriyyəsi, həm də bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib.

 Üzeyir bəy gənc yetirməsinin yaradıcılığı, uğurları ilə daim maraqlanıb. Konservatoriyanın nəzdində hazırlıq kursları açan Üzeyir bəy gənc bəstəkarlara Azərbaycan xalq musiqisinin əsaslarını öyrədib. Fərdi olaraq onların əsərləriylə məşğul olub, birlikdə muğamları nota köçürüblər.

Gənc Azərbaycan musiqiçilərinə bəstəkarlıq sənətinin klassik qayda-qanunlarını daha dərindən öyrətmək üçün Üzeyir bəy Leninqrad Konservatoriyasının görkəmli professoru Zeydmanı Bakıya dəvət edib və gənclər böyük ustaddan bəstəkarlığın sirlərini öyrəniblər.

Ş. Axundova1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. Hələ gənc yaşlarında onun bəstələdiyi mahnıları Şövkət Məmmədova, Bülbül, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Rübabə Muradova və başqaları ifa ediblər. 

Lakin onun sənətinin unudulmaz zirvəsi 1972-ci ildə Süleyman Rəhimovun eyniadlı povestinin motivləri əsasında “Gəlin qayası” operasını yazmaqla başlayıb. Beləliklə, Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb.

 Şəfiqə xanım o günlərini hər zaman belə xatırlayırdı: “ O vaxtlar mənim ən böyük arzularımdan biri opera yazmaq idi. Əlbəttə mən opera yazmazdan öncə bir çox mahnılar bəstələmişdim. Amma “Gəlin qayası” operası mənim həyatımda önəmli bir yer tutdu”.

Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.

Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur. Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb.

 

 1972-ci ildə "Gəlin qayası" operası ilə musiqisevərləri valeh edib. Şəfiqə Axundova 26 il -1956-cı ildən 1982-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi çalışıb.

 

Əsərləri

1. "Vicdan" pyesindən "Nədən oldu" mahnısı, «Gəlin qayası» radiopyesindən «Könül təranələri» mahnısı, «Natəvan» pyesindən «Neyçün gəlməz» mahnısı.

2. Şərəf Rəşidovun «Kəşmir mahnıları» poeması əsasında yazdığı musiqi «Kəşmir mahnıları» məcmuəsinin yaranmasına səbəb olub.

3. Xalq yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı "Gəlin qayası" operası

4. Novruz Gəncəlinin librettosu əsasında yazdığı "Ev bizim, sirr bizim" operettasında simfonik orkestr üçün yazdığı suitalar, simli kvartet üçün pyesləri, xor üçün silsilələri

5. Əyyub Abbasovun "Adil və Sərvinaz" tamaşasına musiqi bəstələyib.

6. "Son məktub", "İliç buxtası", "Qaynana", "Böyük ürək", "Vicdan", "Sən nə üçün yaşayırsan?", "Qızıl Əjdaha", "Natəvan", "Yaşar", "Aydın", «Dost Əli», «Rübailər aləmində», "Əlvida, Hindistan" kimi tamaşalarına mahnılar bəstələyib

7. Nizami Gəncəvinin sözlərinə “Nə gözəl” və “Cahanda”, Məhəmməd Füzulinin sözlərinə “Fəqan etmək idim” romansları

8. “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər.

9. “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Gəl, ey səhər”, “Yaşatdın elləri”, “Sevgi ölmür” lirik mahnıları.

 

Filmoqrafiya

- Azərbaycan elləri

- Mənim atam Əliövsət Sadıqov

- Bəstəkar Şəfiqə Axundova

 

Mükafatları

1. "Şərəf nişanı" ordeni

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

3. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

4. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

5. "Şöhrət" ordeni

 

Şəfiqə Axundova 26 iyul 2013-cü ildə vəfat edib. II Fəxri xiyabanda dəfn olunub. 2024-cü ildə haqqında "Şərqin nəğməkar qızı" sənədli filmi çəkilib.

Bu gün Şəfiqə Axundova irsi Salman Mümtaz adına Dövlət Ədəbiyyat İncəsənət Arxivində 63 N-li fondda qorunur və saxlanılır. Onun fondu öz zənginliyi ilə seçilir və bu fondun daha da yeni sənədlərlə zənginləşdirilməsi üçün işlər aparılır. Sənədləri arasında onun fotoşəkilləri, yazışmaları üstünlük təşkil edir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.