İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu çalğı aləti bizlərdə populyar deyil. Çox adam onun adını belə bilmir. Amma simfonik və kamera orkestrlərində bu çalğı aləti öz səs tembri ilə vacib yer tutur. Söhbət kontrabasdan gedir. Bu gün görkəmli kontrabas ifaçısı İlyas Hüseynovun anım günüdür
İlyas Hüseynov 1924-cü il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Yeddi yaşından fortepianoda, 10 yaşından piano ilə məşğul olmağa başlayıb. Böyük Vətən müharibəsinin iştirakçısı olan musiqiçi müharibədən döndükdən sonra musiqi fəaliyyətini davam etdirib.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) M. M. Çudnovskinin sinfində təhsil alan İ. Hüseynov öz müəlliminin ənənələrini davam etdirərək pedaqoqun vəfatından sonra kontrabas sinfinə rəhbərlik edib.
Sonralar konservatoriyanın professoru olub. İstedadı və bacarıqlı ilə seçilən sənətkarın yetişdirdiyi tələbələr həm ifaçı, həm də pedaqoq kimi nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük şöhrət qazanıb.
İ. Hüseynov pedaqoji fəaliyyətlə yanaşı,Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik orkestrində kontrabasçılar qrupunun konsertmeysteri olub, kamera orkestrində fəaliyyət göstərib.
O, kontrabas aləti üçün dərslik, metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirib.
Bunların sırasında "Elegiya — İsrafimzadə", Qara Qarayevin "Yeddi gözəl" baletindən solo, Üzeyir Hacıbəylinin "Gülşən" baletindən rəqs və Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən parçaları qeyd etmək olar. Daha sonra ailəsi ilə birgə Almaniyanın paytaxtı Berlin şəhərinə köçüb və yaradıcılığını orda davam etdirib.
Mükafatları
1. "Əməkdə fərqlənməyə görə" medalı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
İfaçı 2017-ci il 12 yanvarda Berlin şəhərində vəfat edib. Berlin şəhərində dəfn olunub.
Allah rəhmət eləsin!
P.S. Başlığa çıxardığım “Mən, tək, kontrabasda?” sözləri isə məşhur filmdən götürülmüşdür. Hansı filmdən? Özünüz tapın.
“Ədəbiyyat və incəsənət”
(12.01.2026)


