Xəstəliyini hamıdan gizlədib… Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ürəklər, ürəklər,

Sizinçün darıxır, darıxır,

Çiçəklər, çiçəklər,

Sizinçün darıxır, darıxır,

Yarpaqlar, yarpaqlar,

Əl çalar, alqışlar,

Ay köçəri quşlar…

 

Bu yazını yazmazdan öncə onun ifasında “Ay köçəri quşlar” mahnısını dinlədim. Bir səs bir mahnıya necə də oturarmış. Nə qədər hüzn, kədər və nə qədər ecazkarlıq var bu ifada. Sizə də məsləhət görürəm.

Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olub. Anası Törə xanım Cəfər Cabbarlının əmisi qızı olub. O, körpə olanda anası vəfat edib. Hüseynağaya bacısı baxıb. Musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı. Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına qoşulmağa razılıq verib.

 Sonuncu kursda oxuyarkən ailə həyatı qurub, institutu bitirdiyi il hərbi xidmətə çağrılıb, 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəlib. Hüseynağa bu xəbəri hospitalda eşidib. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətiriblərmiş.

Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa sevmədiyi mahnını oxumayıb. "Gecələr bulaq başı", "Bu gecə", "Mənim dünyam" mahnıları dinləyicilər tərəfindən daha çox sevilib.

Ömrü boyu "Dan ulduzu" ansamblının solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk edə biləcəyini ağlına belə gətirməyib. O dövrdə televiziya, radio proqramlarına çıxmasında problem olmadığı üçün Hüseynağa tez-tez ekranda görünüb.

 

Türk mahnılarının Azərbaycanda ilk ifaçısı olub. Fərqli stilə malik olan müğənni tez-tez ekranlarda görünsə də zaman-zaman geyim tərzləri onun efirə çıxmasına maneə yaradıb. Ondan səhnəyə kostyum geyinib çıxmasını tələb etsələr də, o, çox vaxt bu tələblərə qarşı çıxıb. Uzun saçlarını kəsdirməyə məcbur ediblər. Bu qadağalar onu həmişə özündən çıxarıb.

 

Albomları/Mahnıları

- Mənim dünyam

1. Nə Gözəldir Azərbaycan

2. Bağçadan Gələn Səs

3. Gəl Barışaq

4. Köçəri Quşlar

5. Bir Xumar Baxışla

6. Unuda Bilmirəm

7. Mehriban İnsanlar

8. Məzəli Mahnı

9. Xalidə

10. Gözəl

 

Hələ uşaq yaşlarından vərəm xəstəsi olan Hüseynağa Hadıyev bunu ömrü boyu hamıdan gizlədib. Yalnız ömrünün son günlərində xəstəxanada ona baş çəkən sənət dostları bunu həkimlərdən öyrəniblər.

1992-ci ilin yanvar ayında onun səhhəti pisləşib, “Səkkizinci kilometr”dəki vərəm dispanserinə köçürülüb. 1992-ci il yanvarın 12-də elə orada da dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.