Klarneti milliləşdirən sənətkar - Vəli Qədimov Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanda klarnet adlı çalğı alətinin adı həmişə Vəli Qədimovun adı ilə qoşa çəkilir. O, bu aləti milliləşdirib, ona milli ruh, ecazkar notlar gətirib.

 

Əslən Balaxanıdan olan Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisilə Dağlı məhəlləsinin qovuşduğu məkanda toylarda şıdırğı rəqslərin oynanıldığı yerdə, nəfəs alətləri ifaçısı Nurbala kişinin ailəsində dünyaya göz açıb.

Təhsilini 69 nömrəli məktəbdə alıb. Uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli 14 yaşında artıq tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etməyə başlayıb.

İki ildən sonra, 1956-cı ildə Vəli Qədimovun istedadlı çalğıçı olmasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına Filarmoniyanın ansamblına dəvət edir.

1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutub. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənib və sürəkli alqışlarla qarşılanıb.

Vəli Qədimova 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adları verilib.

Qəribəlikləri də olub. Mahir qarmon ifaçısı Avtandil İsrafilov xatırlayır: "Xaricdə konsertlərarası istirahət vaxtı Atlantik okeanında çimərkən Vəli tramplindən suya tullanıb, yox olub, dostlarını əməlli-başlı həyəcanlaşdırıb.  Yalnı, bir müddət sonra 70–80 metr aralıda başını sudan çıxarıb üzə-üzə geri qayıdanda hamı dərindən nəfəs alaraq “Allaha şükür” deyib. Klarnetin ən yuxarı notunda çala bilən sənətkarı okeanın dərinliyi də batıra bilməyib.”

 

 

 

 

2008-ci ilin avqust ayında Vəli Qədimovun səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. Ömrünün son bir neçə ilini yataqda keçirib.

Uzun sürən xəstəlikdən sonra 2009-cu il aprelin 15-də axşam saatlarında 68 yaşında dünyasını dəyişən Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı Vəli Qədimov 16 aprel tarixində Balaxanı qəbiristanlığında əzizlərinin yanında dəfn olunub. Vida mərasimi onun yaşadığı evdə keçirilib.

Allah rəhmət eləsin!

 

Lent yazıları

- Saksofonda Vəli Qədimov — Gecələr - musiqi: Şəmsi Kərimov

- Klarnetdə Vəli Qədimov — Çahargah

- Klarnetdə Vəli Qədimov və qarmonda Aftandil İsrafilov — Bayatı Şiraz

- Klarnetdə Vəli Qədimov və qarmonda Aftandil İsrafilov — Nazilə rəqsi

- Klarnetdə Vəli Qədimov və qarmonda Leyla Şabanova — Xoşbəxtlik rəqsi

- Klarnetdə Vəli Qədimov — Azərbaycan musiqilərindən popurri

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.