İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycan SSR xalq artisti Leyla Bədirbəylinin doğum günüdür. Daha dəqiqi, anadan olmasının 106-cı ildönümüdür.
Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə) dünyaya göz açıb. Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirib. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedib. Qızını da özü ilə aparıb. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayıb. Leyla Bədirbəyli 16 yaşı tamam olmamışdan Filarmoniyada solist kimi çalışıb. Şəxsən onun üçün rəqslər səhnələşdirilib.
Sara Qədimova ilə Leyla xanım yaxın rəfiqə olublar. Aktrisanın hərbçi olan və müharibəyə gedən atası haqqında 1943-cü ildə itkin düşmə xəbəri gəlib. 4 ildən sonra isə ata sağ-salamat geri qayıdıb. Bir gün aktrisa Sara xanımgildə qonaq olarkən telefon zəng çalıb. Sara xanıma deyiblər ki, Leylaya qəfil deməyin, atası qayıdıb. Sara xanım Leylaya təklif edib ki, onu evlərinə qonaq aparsın. Leyla Bədirbəyli evlərinin qapısından içəri girəndə atasını sağ-salamat görüb və ürəyi gedib.
Çox savadlı və qabiliyyətli xanım olub. Paltarlarının bəzilərini özü tikib, üzərinə iplə toxunan bəzəkli güllərdən naxış salıb. Çox dadlı şirniyyatlar, gözəl tortlar bişirməyi bacarıb. Bunun üçün hətta xarici ölkələrdən tort bişirmək üçün xüsusi avadanlıqlar gətizdirib. Halvanı, şəkərburanı o qədər dadlı bişirib ki, adamlar bunları onun özünün hazırladığına inanmayıblar.
Kulis.az xəbər verir ki, onun məşhurlaşmasında böyük rol oynayan digər şəxs isə İosif Stalin olub. Onun Bədirbəylini "Qafqaz gözəli", "Azərbaycan gözəli" adlandırmasından sonra aktrisanın gözəlliyi daha böyük marağa səbəb olub.
Həyat yoldaşı aktrisanı həddindən çox sevib. Aktrisanın nəvəsi müsahibələrinin birində belə deyib: Babam ata necə qızına baxırsa, nənəmə elə baxırdı. "Kubinka" tərəfdə təndir çörəyi bişirirdilər. Hər səhər babam gedib o çörəkdən alırdı ki, Leyla xanım boyat çörək yeməsin. Babam 3-4 gündən bir evə qızıl güllər gətirirdi. Nənəmin güldanı heç vaxt boş qalmazdı. Xarab olan kimi, yerinə təzə güllər qoyulurdu.”
Filarmoniyada çalışdığı illərdə "Ayna" filminə çəkilib. 1941-ci ildə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət ediblər. İlk tamaşası Rəsul Rzanın "Vəfa"sı olub. 1945-ci ildə "Arşın mal alan" filmi çəkilməyə başlayıb. Leyla Bədirbəyli Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə filmə çəkilib.
Teatr sahəsində rolları
- Dezdemona (Otello, Uilyam Şekspir)
- Nərminə (Göz həkimi, İ. Səfərli)
- Solmaz (Od gəlini, Cəfər Cabbarlı)
- Liza (Canlı meyit, Lev Tolstoy)
- Fəxrəndə (Mahnı dağlarda qaldı, İlyas Əfəndiyev)
Filmoqrafiya
1. Arşın mal alan
2. Asif, Vasif, Ağasif
3. Aygün
4. Azərbaycan kinosu-80
5. Beş dəqiqəlik konsert
6. Bizim küçənin oğlanları
7. Böyük ömrün anları
8. Çarvadarların izi ilə
9. Dəcəl dəstə
10. Dəli Kür
11. Dərviş Parisi partladır
12. Fətəli xan
13. Gəmi saatının sirri
14. Gənc qadının kişisi
15. Gilas ağacı
16. Görüş
17. Günlərin bir günü...
18. İntizar
Təltifləri
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Stalin" mükafatı (2-ci dərəcə)
- Azərbaycan SSR Dövlət mükafatı
- "İstiqlal" ordeni
- "Əməkdə fərqlənməyə görə" medalı
Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mərhumun dəfni ilə bağlı olan bütün xərclər dövlət hesabına ödənilib, dəfnini təşkil etmək üçün Dövlət komissiyası yaradılıb. Leyla Bədirbəyli Bakıdakı Fəxri Xiyabanda dəfn olunub. 29 dekabr 2019-cu ildə Azərbaycan prezidenti Leyla Bədirbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
2014-ci ildə Sevda Ağazadənin ssenari müəllifliyi və Elvin Vəlimətovun rejissorluğu ilə Leyla Bədirbəyliyin xatirəsinə həsr olunan "Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli" adlı sənədli film çəkilib. Film ilk dəfə 19 iyun 2014-cü ildə Azərbaycan Televiziyasında yayımlanıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.01.2026)


