İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, indi onun səsi dünyanın ən möhtəşəm konsert salonlarından gəlir. Müasir dünya cazının üzdə olan fiqurlarından biridir. Dahi cazmen olan atası Vaqif Mustafazadənin yolunu davam etdirir.
Bu gün onun doğum günüdür. 56 yaşı tamam olur.
Əzizə Mustafazadə 19 dekabr 1969-cu ildə dünyaya göz açıb. Valideynləri Əzizənin musiqiyə qarşı həssaslığını o hələ səkkiz aylıq ikən hiss ediblər. Əzizə, anasının ona danışdığı belə bir əhvalatdan bəhs edib: "Bir dəfəsində atam pianoda, insanda çox dərin və kədərli hisslər oyadan Şur muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən, birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir 'Vaqif, bir zəhmət Rasta keç. Rastı çal'. O da çalmağa başlayıb. Rast isə şən və ritmik melodiyalarla səciyyələnir. Əlbəttə ki, göz yaşım hələ də yanaqlarımdan süzülərkən mən rəqs elər kimi hərəkətlər etməyə başlamışam. Anam səslənir ki, 'Bax, bax gör o neyləyir!? Yenə Şuru çal!' Atam Şuru çalmağa başlayanda, bu dəfə daha da bərkdən ağlamışam. Ən azından, bu onların mənə söylədiyidir. Yenidən Rast çalınanda, mən də təzədən rəqs eləməyə başlamışam."
Əzizə incəsənətin bütün növlərinə qarşı maraq göstərib, xüsusilə rəssamlıq, rəqs və ifaçılıq. İlk dəfə səhnəyə hələ üç yaşında ikən atasıyla birlikdə bədahətən mahnılar ifa edərək çıxıb. Sonralar o bədahət-improvizasiya sənətində artan bir bacarıq nümayiş etdirib. Klassik piano təhsilinə kiçik yaşlarında başlayıb, İohann Sebastyan Bax və Frederik Şopen kimi bəstəkarların əsərlərinə xüsusi maraq göstərib.
Dekabrın 16-sı 1979-cu ildə, Əzizənin 10-cu yaşının tamam olmasına 3 gün qala atası 39 yaşında, Daşkənddə ürək tutmasından vəfat edib. Atasını çox sevən Əzizənin bu böyük itkini qarşılaya bilməsi üçün anası öz müğənnilik karyerasını buraxıb və qızının yüksək istedadının inkişafına da köməkçi olub. 17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynayıb.
Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçüb. Əzizə ilk albomunu 1991-ci ildə Aziza Mustafa Zadeh adı ilə çıxarıb. İkinci albomu Always albomu ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırıb. O bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb.
2007-ci ildə Contrasts II albomunu çıxarıb. Uzun fasilədən sonra 1 iyul 2020-ci ildə Generations albomunu təqdim edib. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. Əzizə Mustafazadə, anası Eliza Mustafazadə ilə birlikdə Almaniyada yaşayır. 2022-ci ilin oktyabrında 14 ildən sonra ilk dəfə Azərbaycanın paytaxtında çıxış edib. Konsert Bakı Konqres Mərkəzində keçirilib.
“Ədəbiyyat və incəsənət”
(19.12.2025)


