İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Musiqi sənətimizdə daha bir ad!
Ağakərim Nafiz Şirvani!
Həm şair, həm xanəndə!
Ağakərim Nafiz Şirvani (Ağakərim İsrafilbəyli) 4 dekabr 1948-ci ildə Şamaxı rayonunun Kiçik Qaladərəsi kəndində anadan olub. Ağakərim Nafizin atası Ağa İsrafil bəy Əli bəy oğlu və anası Nəsibə xanım Bəybala bəy qızıdır. Orta məktəbi Şamaxıda 5 saylı məktəbin axşam sinfində oxuyub. Xanəndə Tacikistanın Düşənbə şəhərində İncəsənət İnstitutuna qəbul olunsa da, təhsilini davam etdirməyib. Din tarixini, tarixi, əfsanə, rəvayət və dastanları, klassik və xalq ədəbiyyatını, folkloru dərindən mənimsəyib.
Şamaxı şəhərindəki Xaqani adına mədəniyyət evində, Ağalar Əhmədşah oğlundan muğamı öyrənib. O, müxtəlif musiqi festivallarının diplomlarını alıb. Belə ki, 1989-cu ildə Ağdamda keçirilən "Xarı bülbül" muğam müsabiqəsinin qalibi olub. Həmçinin Ağakərim Nafiz Şirvani haqqında "Azərbaycantelefilm" 1997-ci ildə "Naməlum səs" adlı film çəkib. 2018-ci ildə AzTV mədəniyyət kanalında "Yurd Yeri" proqramında haqqında geniş veriliş verilib.
Xarici ölkələrdə verdiyi konsertlər
- 1980-ci ildə Rusiyanın Arxangelsk vilayətində qastrolda olub, 4 konsert verib.
- 2001-ci ildə Fransaya səfər etmiş və Paris daxil olmaqla müxtəlif şəhərlərdə 8 konsert verib. Bu qastrolu zamanı Fransada "Azerbaïdjan: Chants du Caucase" ("Azərbaycan: Qafqazın mahnıları") adlı muğam diski buraxılıb.
- 2002-ci ildə də 6 konsertlə Fransa və İtaliyada qastrolda olub.
- 2003-cü ildə isə Fransa, İsveçrə və Kanar adalarında 5 konsert verib.
Ağakərim Nafiz təkcə muğam ifaçısı deyildir. O, həm də 200-ə qədər təsnifin, 60-dan çox mahnının müəllifidir. Ağakərim Nafiz gənc yaşlarından şeir yazmağa başlayıb və əsasən əruz vəznində qəzəllər, təxmislər, rübailər yazıb. Gənc yaşlarında ustad şair Məhəmməd Biriyadan klassik şeir üslubunu mənimsəyib. Şeirlərini Nafiz təxəllüsü ilə qələmə alıb.
Ağakərim Nafizin üç saqinaməsi divana daxil edilib. "Gətir" rədifi ilə yazılan birinci saqinaməsində Cami-Cəmşidi, Şahi-Mərdanı, Məryəm, Məsih (İsa), Süleyman, Nuh, Yusif, Züleyxa, İskəndər, Dara, həzrəti-Loğman, Mürtəza kimi tarixi şəxsiyyətlərdən bəhs olunur.
"Olsun" rədifli ikinci saqinaməsində xanəndə və xanəndəlik sənətinin vacib olan əlamətlərindən, daha sonra "Rast", "Şur", "Nəva", "Çahargah","Firuzi-Həsaf", "Hümayun", "Şüştər", "Mahur", "Dadi-Bidad", "Əraq", "Segah", "Sarəng" kimi muğam və muğam şöbələrindən bəhs olunur.
Üçüncü saqinamə Şirvan xanəndələrinin vəsfinə həsr edilib. Ağakərim Nafiz həmin saqinamədə XIX əsrdən günümüzə kimi yaşayıb yaradan Şirvan xanəndələrinin-Mirzə Məhəmməd Həsən, Mirzə Güllərdən başlayaraq özü daxil olmaqla, 34 Şirvan muğam sənətkarının adını çəkir və onlara öz münasibətini bildirir. O, həmçinin xanəndə Mirzə Məhəmməd Həsənin bəzi mahnılarını bərpa edib, şeirlərinə nəzirə yazıb. Mirzə Məhəmməd Həsən haqqında "Ustadi-ə'zəm Mirzə Məhəmməd Həsən Fələkzadə Şirvani" kitabı yazıb və çap etdirib.
"Qəzəlləri"
Bu divana onun 428 qəzəli daxil edilmişdir. Qəzəllərin dili klassik Azərbaycan qəzəl janrındadır.
“Ədəbiyyat və incəsənət”
(04.12.2025)


