İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Aldı görək aşıq nə dedi. Saz çaldı, dastan söylədi, hamını feyziyab etdi.” – Nağıl və dastanlarımızda geniş yayılmış bu sayaq remarkalar aşıq sənətinin həm ululuğundan, həm sevilməsindən xəbər vermirmi, verir.
Bu gün sizə Güney aşıq sənətinin görkəmli nümayəndəsi, xiridarı barədə danışacağam.
Aşıq Hüseyn Əliyev (Cavan) 1916-cı ildə Qaradağ mahalının Uti kəndində anadan olub. Atasının vəfatından sonra anası Zöhrə ilə birlikdə Şimali Azərbaycana köçüblər. Bir müddət Ağcabədinin Şərəfxanlı kəndində, daha sonra isə Dəliməmmədli şəhərində yaşayıblar. 1927-ci ildən Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olub. 1938-ci ildə SSRİ-dən sürgün olunub və Təbrizdə yaşayıb.
1934-cü ildən şeir yazsa da, poetik yaradıcılığa əsasən 1941-ci ildən başlayıb. Özünə "Cavan" təxəllüsü götürüb. İlk şerləri: "Gül Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Oktyabr" və digərləri Təbrizdə nəşr olunan "Vətən yolunda" qəzetində dərc olunub.
21 Azər hərəkatında iştirak edib. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb. Hüseyn Cavan da Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib. 1945-ci il dekabrın 21-də Azərbaycan Milli Hökuməti qurulub. 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.
Eyni ayda Təbrizdə Təbriz Dövlət Filarmoniyası təşkil olunub. Aşıq Hüseyn Cavan filarmoniyada direktor müavini təyin olunub. Onun rəhbərliyi ilə filarmoniyada aşıqlar ansamblı yaradılıb. 1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırılıb.
Bundan sonra Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər etməyə başlayıblar. Nəticədə Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi qurulub. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq olub. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv olub. Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət edib. Lakin bu istəyi də cavabsız qalıb.
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verib. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başlayıblar.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə Aşıqlar dəstəsinin bədii rəhbəri olub. SSRİ tərəfindən "Şərəf nişanı" ordeni ilə təltif olunub. 1967-ci ildə Azərbaycan SSR Əməkdar Mədəniyyət İşçisi fəxri adını alıb.
Müxtəlif vaxtlarda Bakıda "Azadlıq mahnıları", "Aşığın arzuları", "Şerlər", "Sədəfli saz", "Qoşmalar", "Şerlər", "Danış telli sazım", "El aşığı", "Bahar kimi" adlı kitabları nəşr olunub. 1985-ci il noyabrın 14-də vəfat edib və Kəhrizli kəndində dəfn olunub.
Kitabları
1. Azadlıq mahnıları
2. Aşığın arzuları
3. Şerlər
4. Sədəfli saz
5. Qoşmalar
6. Şerlər
7. Danış telli sazım
8. El aşığı
9. Bahar kimi
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.11.2025)


