İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Xanəndəlik sənəti də get-gedə arxaikləşir. Pop musiqi yeni nəsil musiqiçiləri necə alüdə edibsə, onlar digər janrları kəsib incəsənətdən atmaqdadırlar. Halbuki, muğamlarımız, təsniflərimiz, xalq mahnılarımız var ki, yüz illərdir, mədəniyyətimizi daşıyaraq, yaddaşlardan süzdürərək günümüzə gətirib çıxarıblar. Onların bir nümayəndəsi də Azərbaycan SSR xalq artisti Hacıbaba Hüseynov olubdur.
Hacıbaba Hüseynov 15 mart 1919-cu ildə Bakıda anadan olub. Ruhani ailəsində böyüyüb. 1941-ci ildə Böyük vətən müharibəsinin başlaması ilə "Parkommuna" zavodunda tornaçı işləməyə başlayıb. 1945-ci ildə müharibə bitəndən sonra Hacıbaba Hüseynovun baldızı olan tanınmış xanəndə Sara Qədimova onu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edib. Ə. Bakıxanov H. Hüseynovu öz ansamblına dəvət edib. O, həmin ansamblda üç il fəaliyyət göstərib.
1962–1992-ci illərdə Hacıbaba Hüseynov Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deyib. Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə və başqaları onun tələbələri olub. Hacıbaba Hüseynov Rast muğamının "Üşşaq", "Hüseyni", "Novruzi ravəndə", digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Onun təşəbbüsü ilə Bayatı-Şiraz muğamının "Dilrüba" şöbəsi dərsliyə əlavə olunub.
Xanəndə 1989-cu ildən xarici ölkələrə qastrol səfərlərinə başlayır. İlk səfəri böyük bir musiqiçi və ziyalı heyəti ilə İraqa olub. 1990-cı ildə Türkiyənin Adana şəhərində, 1991-ci ildə 1 ay ərzində Belçikanın Brüssel, Fransanın Paris, Marsel, Lyon, Monpelye şəhərlərində, İsveçrədə, Hollandiyada konsertlər verir. Son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə 2 aydan artıq çəkən İran İslam Respublikasına olur.
Hacıbala Hüseynov 24 oktyabr 1993-cü ildə Bakıda vəfat edib. Heydər Əliyevin göstərişi ilə xanəndə 26 oktyabr 1993-cü ildə Birinci Fəxri Xiyabanda dəfn olunub. 22 fevral 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Filmoqrafiya
1. Ocaq başı
2. Qayıdış
3. "Hacı Mail" nağılı...
4. Muğamat var olan yerdə…
5. Ver sözə ehya ki...
Mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.10.2025)


