Qarabağlı Dədə Süleyman Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qarabağ muğamın, musiqinin ocağıdır. Təbiət necə insan orqanizmi ilə vəhdət yaradıbsa, oranın insanlarının səsləri bulaq kimi saf, dağ kimi əzəmətli, külək kimi həzindir. Bu sırada bir Dədə Süleyman da vardır.

 

Süleyman Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. 1959-cu ildə istedadlı musiqiçilər sorağıyla Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski, Süleyman Abdullayevin səsini yüksək qiymətləndirib və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilib

1960–1964-cü illər ərzində S. Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənib. 1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb, xalq çalğı alətləri ansamblları ilə çalışıb. 1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olub

Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi, bir çox muğamların yadda qalan təfsiri ilə tanınır. Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndədir. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə çatdırılmasına çalışır. Süleyman Abdullayevin ifasında "Segah", "Dəşti", "Çahargah", "Şur" muğam dəsgahlarının lent yazıları AzTR Fonduna daxil olub.

Xanəndə oxuduğu muğamlarda klassik şairlərin — Füzulinin, S. Ə. Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verir. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən "Dədə Süleyman" deyə çağırılır. Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin "Qızıl səs" medalına layiq görülüb. 23 oktyabr 2022-ci ildə şəkər xəstəliyindən vəfat edib. Müşfiqabad qəbiristanlığında dəfn olunub.

 

Mükafatları

02.10.2002 ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna "Əməkdar artist" fəxri adı verilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.