Şuşa, Hacıbəylilər, ziyalılığın Məkkəsi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ötən əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatı geniş vüsət alanda Üzeyir Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli şövqlə bu işə qoşuldu, bir ailə Azərbaycan üçün o qədər fayda verdi ki, bunu sözlə ifadə etmək mümkünsüzdür.

 

Ceyhun bəy Hacıbəyli 15 fevral (köhnə təqvimlə 3 fevral)1891-ci ildə Şuşada anadan olub. İbtidai təhsilini Şuşada maarifçi Haşım bəy Vəzirovun müdir olduğu ikisinifli rus-tatar məktəbində almış daha sonra isə təhsilini Bakıda real məktəbində almışdır. İlk mətbu hekayələrini "Proqres" qəzetinin 1907-ci il tarixli 5-ci nömrəsində dərc etdirib. 1908-ci ildə Əli bəy Hüseynzadənin müdir olduğu "Səadət" məktəbində dərs deyir.

 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəylinin Hacı Zeynalabdin Tağıyev teatrında səhnəyə qoyulan "Leyli və Məcnun" operasında İbn Səlam və Nofəl rollarını oynayıb. Xeyriyyəçi Murtuza Muxtarovun maddi dəstəyi ilə 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olunub, 1909-cu ilin yayında təhsilini davam etdirmək üçün Parisə gedir. Əvvəl Sorbonna Universitetində, sonra isə Ali Politexnik Elmlər Məktəbində təhsilini davam etdirib.

Müəllifin yaradıcılığı tədqiq olunmadığından və toplanmadığından mühacirətə qədərki əsərləri qəzet səhifələrində pərəm-pərəm düşüb. Ceyhun bəy Hacıbəyli yaradıcılığının ilk dövründə qələmini felyeton janrında sınayıb, amma sonralar felyeton yazmayıb. Felyetonları arasında "Pristav Ağa" daha çox diqqəti cəlb edir. Əsər "Proqres" qəzetinin 1907-ci il 6 və 7-ci saylarında "Daqestanskiy" imzası ilə çap olunub.

Ceyhun bəy sonrakı illərdən başlayaraq məhsuldar şəkildə maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzularında məqalələr yazır, çap etdirir. Mühacirətdən əvvəl (1919-cu ildən) "Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C. Hacıbəyli həmin dövrdə "Известия" (Kaspidə), "İttihad" və "Azərbaycan" (rus dilində) qəzetlərinin redaktoru olub.

1910-cu ildə o, "Hacı Kərim" povestini yazıb və 1911-ci ildə kitab şəklində çap etdirir, lakin həmin povestdən sonra yaradıcılıqdan uzun müddət uzaqlaşıb. Ceyhun bəy Fransada yaşayarkən "La Revul du Mond Müsulman", La Fiqaro kimi mətbu orqanlarla əməkdaşlıq edib, "La Revul des Deux Mondes" adlı jurnallarda çalışmış, Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan dilində çıxan "Azərbaycan" jurnalının redaktoru olub. "Azadlıq" radiostansiyasının yaradıcılarından sayılan Ceyhun bəy Hacıbəyli Münhendəki "SSRİ-ni Öyrənən Universitetin" müxbir üzvü seçilib.

Ceyhun bəyin "İslam Əleyhinə kampaniya və onun Azərbaycanda Metodları" adlı irihəcmli tədqiqat əsəri isə xüsusi əhəmiyyət kəsb edir. Adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan C. Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə  əqidə və amalından dönməyib, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparıb, Azərbaycanın müstəqilliyi uğrunda bacardığını əsirgəməyib. Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə dünyasını dəyişib. Burada Sen-Klu qəbiristanlığında dəfn edilib.

Vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayıb. Həmin məktubda o, Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayır, hər cür qruplaşmaya qarşı olduğunu bildirir və dostuna mühacirləri bir yerə toplamasını vəsiyyət edirdi. Bu barədə sonradan "Mücahid" jurnalının 1963-cü il nömrəsində "Ceyhun bəyin vəsiyyəti" adlı irihəcmli məqalə dərc olunub.

 

Əsərləri

- İlk müsəlman Respublikası Azərbaycan

- Qarabağ dialekti və folkloru

- İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları

- Seçilmiş əsərləri

- Qürbətdən gələn səslər: Ceyhun bəy Hacıbəylinin mühacirət həyatı.

- Bir il xəyallarda... və bütöv bir ömür.

- Şuşa ziyalıları: unudulmuş irs.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.