6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya… Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yenə də həyəcan təbili döyürük, klassik, simfonik musiqiyə, baletə maraq get-gedə azalır, bu sahə ardınca gedənlərin sayı sürətlə azalır və belə getsə, az sonra bu elitar incəsənət sahəsindən imtina edib öz zəngin mədəniyyətimizə kölgə salmış olacağıq.

Hələliksə, gəlib Ramiz Mustafayebdən danışaq.

 

Azərbaycan SSR xalq artisti Ramiz Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib.

O, "Vaqif", "Polad", "Aydın", "Şirin", "Xan və əkinçi", "Tərs keçi" operalarının müəllifidir. R. Mustafayev 1968-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, "Şöhrət" ordeninə layiq görülən bəstəkar xüsusilə irihəcmli, monumental musiqi janrlarında əsərlər yazıb.

O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb. 2002-ci ildən prezident təqaüdçüsü olub.

 

Operalar

1. "Şirin" (1957) — diplom işi

2. "Vaqif" (1960)

3. "Xan və əkinçi" (1962)

4. "Tərs keçi" (1964) — Teymur Elçinin librettosu əsasında birpərdəli uşaq operası

5. "Polad" (1964) — Ənvər Əlibəylinin əsəri əsasında radio-opera

6. "Aydın"

 

Musiqili komediyalar, operettalar

- "Xəsis" (1958) — bəstəkar Vasif Adıgözəlovla birgə, Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyası əsasında

- "Axırı yaxşı olar" (1967) — libretto: Rəfiq Zəka Xəndan

- "Qonşumuzda bir oğlan var" — libretto: Məhərrəm Əlizadə

- "Məsmə xanım dayımdır" (2001) – libretto: C. Məmmədov

 

Uşaqlar üçün

1. "Ana və qız" — Sözləri: Tofiq Mütəllibov

2. "Bahar gəlir" — Sözləri: Yusif Həsənbəy

3. "Layla" — Sözləri: Sərdar Əsəd

4. "Qızıl gül" — Sözləri: Sərdar Əsəd

5. 45 uşaq mahnısı məcmuəsi (2001) – (mahnıların sözləri D. Nəbiqızı, Mirvarid Dilbazi, Məmməd Aslan, B. Orucoğlu, Ə. Ağayevindir)

 

Xalq artisti Ramiz Mustafayev 10 aprel 2008-ci ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.