Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış edib

 

Beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Vüsalə Babayeva konsertdə xarici bəstəkarların klassik əsərləri ilə yanaşı, Üzeyir Hacıbəylinin “Sevgili Canan”, Tofiq Quliyevin “Qaytağı”, Vaqif Mustafazadənin “Mart” kompozisiyalarını da məharətlə ifa edib.

İfaçı, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyindən bəhs edərək, onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr barədə tamaşaçılara məlumat verib. O, tamaşaçıların diqqətinə çatdırıb ki, Üzeyir Hacıbəyli Şərqdə ilk operanın müəllifi kimi dünya musiqi tarixində xüsusi yer tutur.

Virtuoz ifası ilə fərqlənən pianoçu müxtəlif musiqi obrazlarını dinləyicilərə təqdim edərək gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, Vüsalə Babayeva London Transport Muzeyinin xüsusi seçilmiş 10 gənc musiqiçisindən biridir.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.