Kim deyir ki, Qubadan aşıq çıxmaz? Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Aşıq deyəndə yadımıza Qazax-Tovuz bölgəsi düşür, Quba heç düşmür. Amma buradan Aşıq Haşım Qubalı kimi bir ustad aşıq çıxıbdır. Bu gün aşığın doğum günüdür.

 

1946-cı il oktyabrın 7-də Quba rayonunun Rəngdar kəndində anadan olub. İlk təhsilini kəndlərindəki ibtidai məktəbdə alıb, 1957-ci ildən isə Rəngdar kəndindən səkkiz kilometr aralıqda yerləşən Xaltan kənd yeddiillik məktəbində təhsilini davam etdirib. Bu illərdə o, kənddə yaşayan Aşıq Əşrəfə yaxın olub. Aşıq Haşım aşıq sənətinin sirlərini ilk dəfə Aşıq Əşrəfdən öyrənib. 1959-cu ildə Xaltan kənd yeddiillik məktəbini bitirən Haşım Balasıyev 1960-cı ildə Qonaqkənd orta məktəbinə daxil olur və burada oxuduğu illərdə aşıq sənətinə meyil etməyə başlayır.

1964-cü ildə orta məktəbi bitirib, sonra isə Pedaqoji texnikumunda təhsil alıb. Şamaxı mühiti onun dünyagörüşündə böyük rol oynayır. Burada o Sənəmoğlu Murad, Aşıq Ağapaşa, Aşıq Ağakərim, Aşıq Məmmədağa kimi ustat sənətkarlarla tanış olur. Aşıq Haşım 1965-ci ildə Şamaxı Pedaqoji texnikumu bitirib müəllimlik sənətinə yiyələnib, 1969-cu ildən isə sərbəst aşıq kimi məclisdə iştirak etməyə başlayır.

Ustadı Aşıq Barat olan Haşım Qubalı aşıq şeirinin bütün şəkillərində şeir yazıb, bir neçə kitab nəşr etdirib. "Yetim Aydın", "Adıgözəl", "Bikəs", "Seydi" kimi unudulmuş dastanları bu gün də yaşadan sənətkar "Səni bilmirəm", "Ayrılmaq olmur", "Harasındadır", "Yoxsa nə", "Qızım", "Nə var", "Xaltan deyilmi", "Uşaq kimiyəm" və qoşmaları ilə aşıq sənətini zənginləşdirmişdi. "Gülməz bizə", "Sevgi ətri", "Hal qoymayır", "Gedərəm", "Gözlərin", "Sözüm yoxdu", "Qurban olum", "Gözəl", "Gəl calayaq", "Neyləsin", "Apar məni", "Qubalı qız", "Bu sedanın adı", "Həsrət var", "Bu məhəbbətin", "Mənim deyil" və s. adlı şeirləri mövcuddur.

 

Kitabları

1. "Bağışla məni"

2. "Mənə meydan verin"

3. "Tatam mən"

4. "Bu sevgi"

 

Gəraylıları

- Dünya, bizi aldatma sən

- Mən cır tatam

- Dünya

- Bir sözüm var, ayaq saxla

- Gedərəm

- Gözlərin

- Bu yaşda sevgi

 

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı onun barəsində deyir:

"Dağıstanda Azərbaycan aşıqlığının təbliğ olunmasında da Aşıq Haşımın böyük rolu var. Bu gün Dağıstan bölgəsində təkcə azərbaycandilli yox, eyni zamanda ləzgi dilli, avar dilli xeyli sayda aşıqlar var ki, onlar aşıq Haşım Qubalının ifa tərzini, onun şeirlərini və bildiyi havaları, bir sözlə, aşıqlıq keyfiyyətini uğurla davam etdirirlər."

 

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu:

"Bir sənətkar kimi həm də ona görə xoşbəxtdir ki, fəaliyyətinin mühüm hissəsi Azərbaycanın müstəqilliyi dövrünə təsadüf edib və bu gün ozan-aşıq sənətinin dünya mədəniyyətinin

incilərindən biri kimi YUNESKO-nun siyahısına daxil edildiyi, sazımızın səsinin Azərbaycanın hüdudlarını aşaraq Avropanın ən möhtəşəm saraylarından gəldiyi bir vaxtda yaşayıb yaradır."

Müxtəlif tədbirlərdəki çıxışlarınıza görə dəfələrlə fəxri fərmanlara və diplomlara layiq görülüb, 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2016-cı il tarixli sərəncamı ilə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.