"Hoydu dəlilərim, hoydu!" deyən qadın bəstəkar Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Haqqında söhbət açacağım xanım musiqiçi musiqimizin təbliğatı yönündə çox zəhmətkeşlərə qatlaşıbdır. Dur ki, bugünkü doğum günündə haqqında danışmağa dəyər.

 

Məryəm Əlibəyli 1 oktyabr 1968-ci ildə Bakıda anadan olub. 1976-1987-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində "fortepiano və tarixi nəzəriyyə" ixtisası üzrə təhsil alıb, 8-ci sinifdən hekayə, şeir və mahnılar yazmağa başlayıb. 1987-1991-ci illərdə Bakı Musiqi Akademiyasının "tarixi nəzəriyyə və musiqişünaslıq" fakültəsində təhsil alaraq musiqişünas ixtisasına yiyələnib.

1993-2000-ci illərdə xalq artisti, bəstəkar Aqşin Əlizadənin tövsiyəsi ilə Azərbaycan Dövlət Teleradio şirkətində - televiziyada musiqi redaksiyasında, radioda "Xarici ölkələrə verilişlər" şöbəsində musiqi redaktoru vəzifələrində çalışıb. "Durna teli", "Ailələr və talelər", "Xəyalə və dostları", "Çərək, çərək, gəl görüşək", "Uşaqların şəhəri" adlı televiziya proqramlarının musiqi və ssenari müəllifi, musiqi redaktoru olub. 1990-cı ildə Xəyalə Manaflını 5 yaşında estrada janrında oxuyan ilk uşaq müğənni kimi səhnəyə gətirib, musiqi prodüseri kimi onun formalaşmasında əmək sahibi olub.

2000-ci ildə bəstəkar Natiq Qəzənfəroğlu ilə birlikdə gənclərdən ibarət "NM" pop qrupunu, 2004-cü ildə isə Azərbaycanda ilk uşaq pop qrupu olan "Can Bala" qrupunu yaradıb və bədii rəhbəri olub. 2005-2015-ci illərdə "Noğullar", "Gülən Notlar","Kəpənəklər", "Dostlar" kimi uşaq estrada qruplarının yaradıcısı və musiqi rəhbəri olub. 2004-2012-ci illərdə Azərbaycan Dövlət Uşaq Filarmoniyası,Heydər Əliyev adına Müasir Təhsil Məktəbində, 2011-2013-cü illərdə Xətai rayon mədəniyyət evində, 132-134 saylı məktəb-bağça təhsil kompleksində musiqi kollektivlərinin bədii rəhbəri kimi çalışıb.

 

200-dən çox nəğmələrə, o cümlədən 100-ə yaxın uşaq mahnılarına şeir yazıb və musiqi bəstələyib. "Ailələr və talelər", "Uşaqların şəhəri", "Xəyalə və dostları" kimi verilişlərə, Gənc Tamaşaçılar Teatrında "Biri vardı, biri yoxdu", "Qoğal" nağıl tamaşalarına, "Möcüzələr aləminə səyahət" adlı uşaq fiminə, "Son addım" teleserialına ,"Ortastatistik Rasim "filminə musiqi bəstələyib. Bir neçə estrada pyesinin müəllifidir. "Zəmanə uşağı"verilişinin müəllifidir.

Üzeyir Hacıbəyov, Aqşin Əlizadə, Nazim Əliverdibəyov haqqında, Azərbaycan estrada musiqisi barədə bir çox məqalələrin və şeirlərin müəllifidir.

 

Məşhur mahnıları

1. "Hoydu dəlilərim, hoydu!" - Elxan Əhədzadə

2. "Gülümsə üzümə, Azərbaycanım" - Flora Kərimova

3. "Bakı-1990-Yanvar" - Azərin

4. "Səni itirəndən" - Azərin

5. "Ailələr və talelər" - Natəvan Şeyxova və Oqtay Ağayev dueti

6. "Yeni dövrün gəlir, Azərbaycanın"

7. "Əlvida" - Manana Caparidze

8. "Kimə inanasan" - "NM" qrupu

9. "Səndən başqa kimim var?" - NM qrupu

10. "Sevin ey insanlar" - NM qrupu

11. "Xəyalə, hara belə?" - Xəyalə Manaflı

12. "Bax belə - Xəyalə Manaflı

13. "Ürəyimdə sözüm var - Xəyalə Manaflı

14. "Nəğmələr" - Yalçın Rzazadə və Xəyalə Manaflı

15. "Xarıbülbül" - Azərin

16. "Voleybol Federasiyasının himni" - Brilliant Dadaşova

 

Mükafatları

2003-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və "Orizona" firması tərəfindən keçirilən "Nəğmələrin nəğməsi" mahnı müsabiqəsinin diplomuna, 2015-ci ildə "Qafqaz-Media" ictimai birliyinin təsis etdiyi "Heydər Zirvəsi" diplomuna layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.