Vaxtsız ölümə tuş gəlmiş qızıl səsə malik xanəndə Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Həqiqətən də onun səsi qılzıla bərabər idi. Bir dəfə bir xarici qonağımız onu dinləyəndə, sözləri başa düşməsə belə səsin yanğısından hönkürüb ağlamışdı:

Yenə payı gəldi

Qonaqlar kimi

Soldu məhəbbətim

Yarpaqlar kimi,

Ürək pıçıldayır

Dodaqlar kimi,

Külək niyə belə

Əsirsən, külək,

Niyə ümidimi,

Kəsirsən, külək...

Bəlkə də səsinə bu qədər qüssə və kədəri ona görə sığışdırmışdı ki, dünyadan vaxtsız köçəcəyini bilirdi...

 

Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Səxavətin səsi "Segah"a yatımlı olub, ruhu "Segah"a bağlı olub. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Sona Bülbüllər" və s.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. 1976-cı ildə "Hümayun" xalq ansmblının solisti olub. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alıb, Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edib. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranıb. Səxavət "Qarabağ"la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

Səxavət Məmmədov bənzərsiz səsə malik olub.

Nə yazıq ki, cəmi 38 il yaşayıbdır, xanəndə 1991-ci il sentyabrın 30-da indiki Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilməyib. Daha sonra isə kənd işğal olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.