Dahi Hacıbəyovların ən böyüyü Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın musiqi tarixinə adını qızıl hərflərlə yazdırmış dahi Hacıbəyovların ən böyüyü barədə danışacağıq bu gün. Cünki bu gün onun anım günüdür.

 

Azərbaycan bəstəkarı Zülfüqar Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Zülfüqarın kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəylinin incəsənətdə formalaşmasında çox böyük rolu olub. Zülfüqar Hacıbəyovun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski də var

İlk Azərbaycan operettası – "50 yaşında cavan" (1910) əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynayıb.

Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən "Aşıq Qərib" operasında xalq rəvayətindən istifadə olunub. O, 1917-ci ildə "Üç aşiq və ya Məlikməmməd" adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırladıb. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmayıb. XX əsrin birinci rübündə məşhurlaşan "Kənd qızı", "Çoban qız" və "Əsgər nəğməsi" bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.

Zülfüqar Hacıbəyov 1932-ci ildə "Kölə qadınların rəqsi" adlı simfonik pyes bəstələyib. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaradıb. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazıb. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.

 

Musiqili komediyalar

1. "Əlli yaşında cavan"

2. "On bir yaşlı arvad"

3. "Evliykən subay"

 

Operalar

- "Aşıq Qərib" (1915) – eyniadlı dastan əsasında. Librettosu Üzeyir Hacıbəyovundur.

- "Nüşabə" – Nizaminin "İskəndərnamə" poeması və Abdulla Şaiqin librettosu əsasında. Yarımçıq qalıb.

- "Üç aşiq və ya Məlikməmməd" – yarımçıq qalıb.

 

Vokal əsərlər

1. "Kəndçi qızı"

2. "Çoban qızı"

3. "Əsgər nəğməsi"

4. "Azərbaycan" kantatası

 

Digər əsərlər

- "Kölə qadınların rəqsi" (1932) – simfonik əsər

- "Cəngi" – Xalq Çalğı Alətləri Orkestri üçün. Fikrət Əmirovla birgə hazırlanıb.

 

Filmoqrafiya

1. Almaz – tammetrajlı bədii film. Niyazi ilə birgə film bəstəkarı.

2. Üzeyir ömrü – bioqrafik sənədli film. Zülfüqar Hacıbəyov rolunu Yaşar Nuri canlandırıb

3. Maestro Niyazi

 

O, 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.