İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Həqiqətən də gənclər şəhəri tələbələr, idmançılar, həmçinin ulduz incəsənət xadimləri ilə tanınır. Onlardan biri də səhnənin ən ekstravaqant, yenilikçi müğənni-bəstəkarı və DJ Murad Arifdir.
Murad Arif 1981-ci il sentyabrın 27-si Sumqayıt şəhərində, incəsənət xadimi Arif Şükürov və bioloq Sənubər Şükürovanın ailəsində anadan olub. Ata tərəfdən əsli Füzulidəndir, ana tərəfdən isə Şuşalıdır. Məşhur tele-aparıcı Könül Arifqızının qardaşıdır.
Murad Sumqayıt şəhərində, 15 №-li, 28 №-li məktəblərdə və İstedad liseyində təhsil alıb. Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur.
Ali təhsil aldıqdan sonra, iqtisadiyyat sahəsini davam etdirməyib. 2002-ci ildə Radio Space 104 FM-də efir operatoru kimi çalışıb. Bundan sonra 104 FM ilə başlayaraq Lider Jazz FM, İctimai Radio, Day. Az Radiolarında DJ kimi fəaliyyət göstərib. Murad Arif həmkarı Leyla Quliyeva ilə Eurovision 2006-da mahnı müsabiqəsinin Azərbaycanda ilk şərhçisi olub. İlk apardığı televiziya verilişi isə, 2006-cı ildə, İTV efirində yayımlanan, həmkarı Hüsniyə Məhərrəmova ilə apardığı "Qaraj" verilişi olub.
Bundan başqa o Lider TV-də "Yeni Səhər", "Solo" və ATV kanalında "Gün keçir" verilişlərinin aparıcısı olub.2008-ci ildə, İsveçrənin Montrö şəhərində "Montreux Jazz Festival"-da silsilə proqramlar hazırlayıb.
2010-cu ildə Futbol üzrə Dünya Çempionatının açılış mərasiminin şərhçisi olub. Həmçinin "5 Звезд" Beynəlxalq musiqi müsabiqəsini şərh edib. "Böyük səhnə" müsabiqəsində münsif olaraq, Eurovision 2014 milli seçimində Dilarə Kazımovanın qələbəsində təşəbbüs göstərib. 2018-ci ildə Lider TV-dən ayrılaraq, müəllif layihəsi olan "Popumuz Var!" verilişini təqdim edib. İlk öncə YouTube üzərindən paylaşılan verilişin izləyici sayısı yüksək və yetəricə uğurlu proekt hesab olduğuna görə çıxan hər yeni bölümü YouTube ilə yanaşı İctimai TV- də eyniadlı proqramda da təqdim edib.
Uzun müddət Ayaz Qasımov, Xəyyam Nisanov, Yaşar Cəlilov və Elton Hüseynəliyevin musiqi prodüseri olub. 2008-ci ildən Murad Arif mahnı bəstəçisi kimi də tanınmağa baılayıb. 2008-ci ildə çalışdığı müğənni Ayaz Qasımova "Almalarınla" mahnısını təqdim edib. Mahnı efirlərə çıxan kimi ölkənin əsas hitlərindən birinə çevrilib. Bu uğurdan sonra, Azərbaycanın ən məşhur müğənniləri Murad Arif ilə əməkdaşlığa can atıb. O, Natəvan Həbibi, Aygün Kazımova, Röya Ayxan, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Faiq Ağayev və digər məşhur ifaçılara uğurlu nəğmələr təqdim edib. 2009-cu ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə keçirilən "Bakı Gecələri" müsabiqəsində Murad Arifin yazdığı "Sevdiyini söylə" mahnısı qalib olub. Mahnını Natavan Həbibi və İntizar səsləndirib.
2011-ci ildə müğənni Natəvan Həbibi, sözləri və musiqisi Murad Arifə məxsus olan "Təyyarələr" mahnısını Dənizli şəhərində keçirilən, "Turkcevizyon Muzik Festivali 2011" türkdilli xalqların festivalında təqdim edib. Onun mahnılarına, rəsmi icazə ilə, məşhur türk ulduzları Nil Karaibrahimgil, Ziynət Sali, DJ Suat Ateshdagli, müraciət edib, həmin nəğmələri albomlarına daxil ediblər.
Bundan başqa qeyri rəsmi şəkildə Murad Arif mahnıları, dəfələrlə Qazaxıstan, Özbəkistan, Rusiya ifaçıları tərəfindən mənimsənilib.
2014-cü ildə öz mahnılarını ifa edərək, o, solo karyeraya başlayır. Onun debüt nəğmələri "Həyat Yoldaşımsan", "İnşallah", "Saçların" ölkənin musiqi gündəminə rəng qataraq, diqqəti cəlb edib. 2018-ci ildə işıq üzü görən "Oppalara" mahnısı isə, Youtube-da 1 il ərzində 21 milyon baxış toplayaraq rekord vurub.
Həmçinin Murad 2020-ci ildə "The Voice Kids" beynəlxalq televiziya müsabiqəsinə Ustad seçilib
Yazdığı mahnılar
1. Almalarınla
2. İstanbul
3. Ay qız oyan
4. Sevdiyini söylə
5. İstidir
6. Şokolad
7. Bal kimi Ürəyimsən
8. Boom
9. Məni dəli kimi sevən adam
10. Təyyarələr
11. Oppalara
Sinqllar
1. Həyat yoldaşımsan
2. İnşallah
3. Tavla
4. Sevgililər
5. Dondurma
6. Sevdiyini söylə
7. Ürəyimsən
8. Yaşasın Sevənlər
9. Fərqliyəm
10. Saçların
Sonda onu da qeyd edim ki, Murad Arif heç bəxtindən gileylənmir. Niyə də gileylənsin. Ulduz olmağı bir yana, bəxtt sarıdan da bəxti gətirəndir. 2007-ci ildə Murad Dadaşovun "Maşın Şou" layihəsində, avtomobil qazanaraq qalib olub.
“Ədəbiyyat və incəsənət”
(27.09.2025)