İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Kamanın atası Habil Əliyevi bu ölkədə kiçikdən böyüyə hamı tanıyır. İkinci məşhur kaman ustası Şəfiqə Eyvazova olubdur. Amma biz gərək digərlərini də tanıyaq. Məsələn, virtuoz ifaçı kimi ad çıxaran Fəxrəddin Dadaşovu.
Azərbaycan Respublikasının xalq artisti Fəxrəddin Dadaşov 1963-cü ildə 2 nömrəli uşaq musiqi məktəbini bitirdikdən sonra, Bülbül adına orta-ixtisas musiqi məktəbinə daxil olub və 1972-ci ildə həmin sənət ocağını bitirib. O, 1977-ci ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirib.
1966-cı ildən indiyədək Azərbaycan Televiziya və Radiosunun Ə. Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında konsertmeyster vəzifəsində çalışır. Dünyanın bir neçə ölkəsində, o cümlədən Hollandiya, Fransada, Almaniyada, İtaliyada və Kanadada kompakt diskləri çıxıb.
1988 və 1998-ci illərdə Fransada keçirilən Beynəlxalq festivalın laureatı olub. 69 xarici ölkədə, o cümlədən Kanada, ABŞ-nin Texas ştatında, Nikaraqua, Kuba, Braziliya, Meksika, İngiltərə, Almaniya, Fransa, İsveç, İsveçrə, İtaliyada, İspaniya, Norveç, Avstriya, Tayland, Tayvan, Hindistan, Mərakeş və s. ölkələrdə konsertlər verib.
C. Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
28 oktyabr 2000-ci ildə əməkdar artist, 16 sentyabr 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.
Filmoqrafiya
1. Qəzəlxan
2. Buta
3. Sübhün səfiri
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)