İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Opera sənətimizin krifey nümayəndəsi idi o. Tək Azərbaycanda deyil, bütün SSRİ-də, socialist düşərgəsində ad eləmişdi. Onun iştirak etdiyi tamaşalara bilet tapılmazdı… SSRİ Xalq Artisti adını almışdı, bu adı hər adam ala bilməzdi
Sizə Firəngiz Əhmədova barədə danışıram…
Firəngiz Əhmədova 23 sentyabr 1928-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil olub. Vokal sənətində ilk dərslərini həmin məktəbdə almağa başlayıb. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1946–1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951–1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
Konservatoriyanın ikinci kursunda oxuyanda onu Opera və Balet Teatrına dəvət ediblər. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış edib. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puccini) və s.
Firəngiz Əhmədova Azərbaycanın opera sənətinin inkişafında çox böyük rol oynayıb. Opera tamaşalarında böyük sənətkarlarla — Bülbül, Müslüm Maqomayev, Rauf Atakişiyev və başqaları ilə tərəf-müqabil olan Firəngiz Əhmədova o illərdə Sovet İttifaqına daxil olan respublikalarda, eləcə də Çexoslovakiya, Polşa, Bolqarıstan, Rumıniya və başqa ölkələrdə qastrol səfərlərində oldu, Azərbaycan mədəniyyətini layiqincə təmsil edib.
Opera sənətində yüksək uğurlar qazanan Firəngiz Əhmədova müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı kimi də tanınıb. O, Üzeyir Hacıbəylinin "Sənsiz", Asəf Zeynallının "Ölkəm", Niyazinin "Arzu", Əşrəf Abbasovun "Heyran olmuşam", Ağabacı Rzayevanın "Oxu, gözəl", eləcə də P. Çaykovski, S. Raxmaninov, S. Taneyev və digər klassik rus bəstəkarlarının romanslarını və mahnılarını sənətkarlıqla ifa edib.
Firəngiz Əhmədova 1989-cu ildən ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olub. Ölkəmizdə opera sənətinin inkişafı sahəsində nailiyyətlərinə görə o, Azərbaycan SSR əməkdar artisti, Azərbaycan SSR xalq artisti və SSRİ xalq artisti fəxri adlarına, müxtəlif orden və medallara layiq görülüb, o cümlədən müstəqil Azərbaycanın ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif olunub. 2002-ci ildən prezident təqaüdçüsü olub.
Filmoqrafiya
1. O olmasın, bu olsun
2. Konsert
3. Sevil
4. Azərbaycan elləri
5. Firəngiz Əhmədova
6. Onu bağışlamaq olarmı?
Korifey sənətçi 16 dekabr 2011-ci ildə Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.09.2025)