İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Şənbə günü Azərbaycan SSR xalq artisti, dahi bəstəkar Arif Məlikovun növbəti doğum günü I Fəxri Xiyabanda məzarının ziyarəti ilə qeyd olundu. Əlbəttə ki, qədirbilən xalqımız heç vaxt musiqi xəzinəmizi zənginləşdirən dahi bəstəkarı unutmayacaqdır.
Arif Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışıb.
Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edib.
Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırıb. 1961-ci ildə S. M. Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra dünyaşöhrətli rus bəstəkarı Dmitri Şostakoviç yazırdı:
"Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.”
Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş. Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olub. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədiliyinin, qüdrətinin rəmzinə çevrilib.
Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfonistdir. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının geniş miqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirib.
Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində — Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.
2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub. Arif Məlikov 1979-cu ildə professor adına layiq görülüb. 1982-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyib. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2012-ci ildən Xəzər universitetinin fəxri doktoru olub.
Bəstəkar 9 may 2019-cu ildə 86 yaşında vəfat edib. Onunla Bakı Musiqi Akademiyasında vida mərasimi təşkil olunub və I Fəxri Xiyabanda dəfn olunub.
Musiqi əsərləri
Baletlər
1. "Məhəbbət əfsanəsi"
2. "Ölümdən güclü (balet)"
3. "Yer üzündə iki nəfər (balet)"
4. "Əlibaba və qırx quldur (balet)"
5. "İki ürək dastanı (balet)"
6. "Yusif və Züleyxa"
Simfonik əsərlər
- Səkkiz simfoniya — BSO üçün
- Simfonik poemalar: "Nağıl", "Füzuli", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" — BSO üçün
- Xalq Çalğı alətləri Orkestri üçün əsərlər
- "Azərbaycan" balladası — Almas İldırımın söz. səs və simfonik orkestr üçün
Kamera instrumental əsərlər (prelüdlər, süitalar)
Nazim Hikmətin sözlərinə 3 vokal silsilə;
Operetta
- "Dalğalar"
Filmoqrafiya
1. Sehrli xalat
2. İyirmialtılar
3. Məhəbbət əfsanəsi
4. Axırıncı aşırım (tammetrajlı bədii film) — bəstəkar, dirijor
5. Ulduzlar sönmür
Mükafatları
1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
2. "Şərəf nişanı" ordeni
3. "Azərbaycan SSR xalq artisti" fəxri adı
4. Azərbaycan SSR Dövlət mükafatı
5. "SSRİ xalq artisti" fəxri adı
6. "İstiqlal" ordeni
7. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
8. Heydər Əliyev Mükafatı
9. "Heydər Əliyev" ordeni
10. Nizami Gəncəvi adına Qızıl medal
11. "Şöhrət" ordeni
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.09.2025)