Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Azərbaycan muğamının qürurla döyündüyü qəlbində bu gün ağır bir sükut var. Sanki tarın simi qırılıb, kamançanın avazı itib… O bir sənətkar olmaqla yanaşı, muğamın nəfəsi, Qarabağın səsi, Azərbaycanın ruhu idi. Arif Babayev bu dünyadan köçsə də, onun səsi hələ uzun illər minarələrdən ucalacaq, çalınmamış qəlblərdə səslənəcək.
1 avqust 2025-ci il səhər saat altıda Arif Babayevin səsi sükuta çevrildi. Amma bu sükut adi bir səssizlik deyildi. Bu, qürurlu bir ömrün son akkordu, sənətə həsr olunmuş bir həyatın sonuncu səhnəsi idi. Böyük sənətkar getdi… Amma özü demişkən, “Arif olan nakam getməz bu dünyadan.” O da nakam getmədi.
Muğamın qibləsi sayılan Qarabağ torpağına bir daha ayaq basdı… Azad Ağdam torpağını öpdü, doğma havanı ciyərlərinə çəkdi. Sanki ruhu yerinə qayıtdı. Sanki bu dünyadakı son vəsiyyətini yerinə yetirdi – Vətənini azad görmək…
Arif Babayevin səsi artıq fiziki varlığından asılı deyil. O, muğamın özüdür. Onun ifasında “Rast” daha əzəmətli, “Segah” daha kövrək, “Şur” daha ülvi səslənirdi. O, muğamı sadəcə oxumurdu – yaşayırdı, yaşadırdı. Yetirmələri, dinləyiciləri, ona heyran olan nəsillər onun sənət məktəbindən keçdi, keçir və keçəcək. Bu məktəb heç vaxt bağlanmayacaq.
Bu gün bir millət matəmdədir, amma həm də qürurludur. Çünki Arif Babayev kimi bir sənətkarın ömrünə şahidlik etdi. Onun qoyduğu irs, muğamımızın yaddaşına həkk olunmuş nurdur.
Arif müəllim, səssizcə getdiniz, amma əbədi yaşamaq üçün…
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)