O, zərb alətlərimizi dünyada tanıdıb Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İnsan ömrü təzadlarla doludur. Qayğısız uşaqlıq, xoşbəxt gənclik – bunlar sanki ağacların yarpaqlaması, çiçəklərin açmasıdır. Qocalıqsa xəzandır.

Sən tələbolunan müğənni olasan, seviləsən, ömrünün sonunu isə ağır xəstəliklə baş-başa qalasan...

 

Azərbaycan musiqiçisi, Azərbaycan Respublikasının əməkdar artisti  Həsənağa Sadıqov 1950-ci il dekabrın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır. O xalqımızın görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb.

Həsənağa 6-7 yaşlarından atasının və babasının yanında toylara gedib, müxtəlif musiqi alətlərində ifa etməyi, istedadlı musiqiçilərdən öyrənməyə çalışıb. O, 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib.

1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-marif işi” ixtisası üzrə bitirib. 1985-ci il H. Sadıqovun həyatında daha əlamətdar tarix olub. Həmin ildə Ümumdünya musiqi festivalında iştirak edən Həsənağa müəllim bacarıqlı musiqi istedadı ilə münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanıb, festivalın Qızıl medalı ilə təltif olunub.

Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib. Hazırda onun diskləri Amerika və Afrika ölkələrində, Norveçdə, Vyetnamda, Almaniyada satılır və o, həmin ölkələrdə yaradıcılıq əlaqələri ilə bağlı 3 illik müqavilə bağlanılıb.

1988-ci ildə Həsənağa Sadıqova Azərbaycan SSR əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Onun köməklik və təşəbbüsü ilə “Mahirlər” ailə ansamblı yaradılıb və bu gündə fəaliyyət göstərir.

Sənətkar 1 avqust 2018-ci ildə uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib. Salyan rayonu Noxudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.