Oxuyur Xalq artisti Yaqub Məmmədov Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qarabağ çoxsaylı ünlü xanəndələr yetişdiribdir, bu sırada bir ad da var - Xalq artisti Yaqub Məmmədov! Bu il anadan olmasının 95-ci ildönümünü qeyd etdiyimiz xanəndənin bu gün anım günüdür. Yubiley rəqəmləridir 95. Allah ustada rəhmət eləsin. Səsyazıları hələ də sevilərək dinlənilir, bundan sonra da dinləniləcək.

 

Yaqub Məmmədov 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi olub. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb.

Görkəmli xanəndə Seyid Şuşinskidən ve xanəndə Mütəllim Mütəllimovdan muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənib, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanıb. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb edib.

O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilib. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib. Onun ifasında qrammafon vallarına yazılan muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılıb.

Ustad xanəndə kimi püxtələşən Yaqub Məmmədov sənətdə öz ənənələrini yaradıb. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələniblər.

 

Təltif və mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

- "Şöhrət" ordeni

 

Xanəndə Yaqub Məmmədov 5 iyul 2002-ci il tarixində 72 yaşında dünyasını dəyişib.

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.