İnci Məmmədzadə, "Ədəbiyyat və incəsənət"
Azərbaycan SSR əməkdar incəsənət xadimi Ağabacı Rzayeva - bu ad çoxlarına tanışdır. Unudulmaz mahnıları, irihəcmli musiqi əsərləri ilə. Azərbaycan musiqi tarixinə isə o həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkar kimi düşüb.
Ağabacı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda anadan olub. 1929-cu ildə Bakı Pedoqoji Texnikumunu bitirib, bir neçə il Saray, Kürdəxanı və Maştağada müəllimlik edib.
Ağabacı xanım not çalğısı üzrə bəstəkar Səid Rüstəmovdan, muğam üzrə isə Mirzə Mənsur Mənsurovdan dərs alıb. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil alıb. Musiqi-nəzəri fənlərdən isə ona Ü. Hacıbəyov, Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev dərs deyib. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunub, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edib. 1935–1944-cü illərdə Rzayeva Azərbaycan xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyət göstərib.
Rzayevanın ilk əhəmiyyətli musiqi əsəri 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün yazılan "Vətənpərvərlik Marşı" olub. O, həmçinin bir sıra mahnı və romansların, "Mübahisə etmə" musiqili komediyasının (1965, İ.Quliyevlə birlikdə), xalq çalğı alətləri orkestrinin simli kvarteti üçün pyeslərin müəllifidir. Bundan əlavə, Rzayeva dahi şair Nəsiminin sözlərinə yeddi romans bəstələyib. Onun tərəfindən yazılan mahnıların (60-dan çox) əksəriyyəti uşaqlara həsr olunmuşdur ("Kukla", "Qaranquş", "Mənim ağ göyərçinim", "Sabahkı günün ustaları", "Kiçik kapitan", "Mən qərənfiləm" və s.)
O, 1950, 1953, 1955-ci illərdə Bakı Sovetinə deputat seçilib 1963-cü ildə isə Ali Sovetin deputatı olub.
Mahnıları
1. Ad günü, İynə, Sarı limon, Sənət məktəbi - sözləri Tofiq Mütəllibov
2. Bağçamız, Balaca kapitan, Bizim gəmi, Buzov, Dostluq qatarı — Sözləri: Cahangir Məmmədov
3. Bizim Bakı metrosu — Sözləri: Hikmət Ziya
4. Gəl, gəl, a yaz günləri — sözləri: Mirzə Ələkbər Sabir
5. Ağ göyərçinim
6. Ay nəğməsi
7. Ay yaxası güllü qız
8. Bahar oldu (romans, Nəsimi)
9. Balaca sürücü
10. Çoban qara
11. Dəcəl buzovum
12. Dilbərim
13. Durna qatarlı qızlar
14. Dünyanın gözəlliyi
15. Gözlərin
16. Gözləyir bizi
17. Gözləyirəm, sevgilim!..
18. Qaranquş
19. Qərənfiləm mən
20. Qızıl ulduzlu oğlan
Mükafatları
- Azərbaycan SSR əməkdar incəsənət xadimi
- "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə)
- "Şərəf nişanı" ordeni
Ağabacı Rzayeva 5 iyul 1975-ci ildə Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(05.07.2025)