Klarnetin ən mahir ifaçısı – Şəmsi İmanov Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Şəmsi İmanovun sənətinə qiymət vermək üçün tək bir "Vağzalı"sına qulaq asmaq kifayətdir. Onun çalğısında qeyri-adi nəfəs çalarları, ifa mədəniyyəti vardı. Sənətdə çox az adam olardı ki, onun adı toy dəvətnaməsinə yazılsın. Şəmsi də belə sənətkarlardan idi. Bu, ilk növbədə xalqın sənətkara olan rəğbətindən irəli gəlirdi. Onunla çox toylarda olmuşam. Sevinirəm ki, belə bir sənətçi ilə bir dövrdə yaşayıb, bir səhnədə çıxış etmişəm. Ruhu şad olsun."

                                                            Xalq artisti Canəli Əkbərov

 

Azərbaycan mahir klarnet ifaçısı Şəmsi İmanov 1930-cu il iyulun 2-də Şuşada anadan olub. Kiçik yaşlarından musiqiyə həvəs göstərən Şəmsəddinin ailəsində musiqi ilə məşğul olan olmasa da, İbad kişinin muğam sənətinə xüsusi rəğbəti olub. Bəlkə elə bu səbəbdən də, şəhərin bir çox tanınmış musiqiçiləri onunla dostluq etmiş, evinin qonağı olublar. Görünür, musiqi əhlinə olan belə doğma münasibət balaca Şəmsəddinə də sirayət edib. Şəmsi beş yaşındaykən ailəsi ilə birlikdə Bakının Xilə (Əmircan) kəndinə köçüb.

 

Atası ona musiqi təhsili verə bilməsə də, bu yoldan çəkindirməyə də bir o qədər səy göstərmir. Evdə hər dəfə sənətdən söz düşəndə İbad kişi həmişə — "Əgər uşağın həvəsi və qabiliyyəti varsa, gec-tez özünü büruzə verəcək, o özünə yol aça biləcək" — deyərdi. Elə də oldu. Əmircanın musiqi mühiti, kənd mədəniyyət evində tez-tez düzənlənən teatr tamaşaları balaca Şəmsəddinin musiqi zövqünü, sənət təxəyyülünü formalaşdırıb.

 

Ətraf qəsəbə toylarının aparıcı klarnetçalanı olan Kərim Şərifin kiçik qardaşı Tofiqlə dostluq edib. Hər iki dostun ilk sənət müəllimi də elə Kərim Şərifin özü olub. Klarnet, balaban ifaçılığına olan sonsuz maraq hər iki dostu bir-birinə daha sıx bağlayıb. Dostlar müntəzəm olaraq bir-birinin evinə gedib, yorulmaq bilmədən məşq ediblər. Çox qısa zamanda öz fitri istedadı və qabiliyyəti sayəsində gənc Şəmsəddin bir ifaçı kimi özünü təsdiqləyib.

 

Ara-sıra kənd camaatı onu da toy-nişan şənliklərinə dəvət edib. Yenicə tanınmaqda olan gənc sənətçi çox çəkmir ki, 1950-ci ildə hərbi xdmətə çağırılıb. Lakin hərbi hissədə də sevimli alətindən əl çəkməyib. Hərbi hissənin nəfəsli alətlər orkestrində çalışıb. Not savadı olmasa da, orkestr rəhbəri gəncin fitri istedad və qavrama qabiliyyətini, eləcə də peşəkar ifaçılığını nəzərə alaraq bir çox əsərlərin solo ifaçısını Şəmsəddinə tapşırıb.

 

Zaqafqaziya ümumqoşun hərbi hissə musiqi kollektivləri arasında keçirilən bir çox müsabiqə və festivallarda Şəmsəddin İmanov uğur qazanaraq hərbi hissə komandanlığının fəxri fərman və təşəkkürnamələrini alıb.

Notlu əsərlərlə yanaşı, ona ən çox populyarlıq gətirən milli musiqi, xalq mahnıları ifaçılığı olub. 1952-ci ildə hərbi xidməti uğurla başa vuran Şəmsi o dövrdə bir çox ustad klarnet ifaçıları ilə tanış olub. Suliddin İsmayılov, Nəsrulla Səmədov, Nadir Axundov, Bəhruz Zeynalov və digər tanınmış klarnet ifaçılarının lent yazılarına dönə-dönə qulaq asıb. Hər xırda xalı, nəfəsi öyrənməyə cəhd edib.

 

Günü-gündən sənətdə püxtələşən Şəmsəddin İmanov sənətdə arxayınçılığa yol verməyib. Musiqi təhsili olmasa da, tanınmış sənətkarların ifaları onun üçün əsl məktəb, örnək olub. "İzlə gedənin izi qalmaz" — deyə düşünən gənc ifaçı bu ifalardan çox şeyi əxz etsə də, həyatda öz yolunu, öz çalğı üslubunu tapmağa çalışıb. Gənc ifaçının xoş əks-sədası tezliklə Bakıya da gəlib çatıb. Və o, ilk dəfə olaraq 1956-cı ildə radionun fondu üçün səs yazılışına dəvət alıb. O günü onun ifa etdiyi "Kolxoz rəqsi" və "Xançobanı" oyun havaları bədii şura tərəfindən razılıqla qarşılanaraq radionun qızıl fonduna daxil edilib.

 

Sənətinə verilən belə yüksək dəyər gənc ifaçını daha da ruhlandırıb. Tez-tez radioda səsləndirilən bu ifalar onu bütün respublikaya tanıdırıb. Bu ifalar çeviklik və oynaqlığı ilə digər çalğılardan seçilib. Və ilk dəfə olaraq xalq ona Şəmsi, çaldığı üsluba isə "Şəmi yolu" adını verib. Bu yolun davamçıları günü-gündən artır. Onlardan biri də xalq tərəfindən sevilən Əşrəf Əşrəfzadə olur. Sonralar bu yolun davamçıları İsrafil Əzimov, Məmmədağa Umudov, Hacı Həmidoğlu və bir çox digər ifaçılar olur.

 

Az müddət — cəmi bir il sonra, 1957-ci ildə ikinci dəfə radioya dəvət olunan Şəmsi İmanov "Bayatı-Şiraz" muğamı və "Vağzalı" havasıyla hamını heyran edib. Bu gün radionun fondunda şöhrətli sənətkarın müxtəlif illərdə lentə alınan "Tiflisi", "Bakı", "Qazağı", "Tərəkəmə", "Dostluq", "Sülh" rəqsləri və digər oyun havalarıyla yanaşı özünün bəstələdiyi "Bəxtiyarı", "Şəbnəmi", "Mərdəkanı", "Sabirabadı", eləcə də əziz qardaşı Arifin xatirəsinə həsr etdiyi "Arifi" kimi rəqslərilə bərabər çoxsaylı bəstəkar və xalq mahnıları, ulu muğam sənətinın nümunələri — "Cahargah", "Segah", "Bayatı-Şiraz" hörmətlə qorunub saxlanılıb.

 

Ustad sənətkar 1997-ci il iyul ayının 3-də dünyasını dəyişib. Əslində bizdən ayrılan onun yalnız cismi olub. Özü isə hələ də dönə-dönə dinlənilən ifaları ilə əfsanəyə dönüb qəlblərdə əbədi məskən salıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2025)

 

  

  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.