Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
O vaxt ABŞ-da yaşayanda işimlə bağlı ətrafımda gənclər çox olurdu. Və bu gənclərin hamısı da rep musiqisi dinləyərək, necə deyərlər, yerlərində dingildəyirdilər. Bir gün həmin gənclər məni bir məclisə dəvət etdilər. Yeyib-içib, deyib-gülüb ancaq repə qulaq asırdılar. Məclisin ortasında gənclərdən xahiş etdim ki, mümkündürsə bir caz musiqisi tapıb səsləndirsinlər. Elə ki, cazın sədası otağa yayıldı, hamı cibindən çıxartdığı telefonla məşğul olmağa başladı. Gördüm ki, aralarında narazı sifət göstərənlər də var. Ayağa qalxıb maqnitafona yaxınlaşdım. Musiqinin səsini azaldıb dilləndim:- "Dostlar, görürəm ki cazı xoşlamırsınız. Nədən belədir, deyə bilmərəm, amma mən bildiyim qədər rep küçə uşaqlarının mahnısıdır. Caz isə yüksək zövqlülər üçündür. Bütün dünyada da belə qəbul olunub. Hansınız mənə izah edə bilər ki, niyə Amerika gənclərinin musiqi zövqü küçə səviyyəsindədir?"
Gənclərdən biri bilirsiniz nə cavab verdi? Dedi ki: "Ser, sən lap atamız bizə söylədiyi kimi danışdın. "Caz" Amerikada XX əsrdə dəbdə olub və keçmişdə də qalıb. "Rep" isə XXI əsrin musiqisidir. Küçə musiqisi adlandırılsa da, xalqın içindən gəlib və qısa müddətdə sevilib..."
Bu hadisəni niyə sizinlə bölüşdüm? Axı, yaşasaydı, sabah - iyunun 29-u Azərbaycan repçisi Hüseyn Dərynın 50 yaşı tamam olacaqdı.
Düz on bir il bundan əvvəl, 2014-cü ilin, mart ayının 15-də haqqa qovuşub. Onun vəfatından bir il, beş ay sonra isə biz ABŞ-a köçmüşdük. Yəni artıq Amerikaya köçməmişdən qabaq "Rep"-dən məlumatım var idi. Hüseyn Dəryayla isə Sumqayıtda, dəniz sahilindəki kafelərdən birində tanış olmuşdum. Dediyinə görə, hər axşam kafeyə gəlib özünün bəstələdiyi "Rep" mahnılarını oxuyurdu...
Yeri gəlmişkən, Hüseyn Dərya Bakının Bakıxanov qəsəbəsində anadan olub. Atası əslən laçınlı, anası isə Ermənistan azərbaycanlısı idi. İlk təhsilini Nərimanov rayonunda fəaliyyət göstərən 4 saylı fars təmayüllü məktəbdə alıb. Bu məktəb, onda şeir vəznlərinə maraq oyadıb. Daha sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, o, təhsilindən imtina edərək, Birinci Qarabağ müharibəsinə qatılıb və döyüşlərdə iştirak edib. Zarafat deyil, dörd il iki ay hərbi xidmətdə olub. Hip hop karyerasına isə 2000-ci ildən başlayıb...
Nə isə, o vaxt onu narkoman sayıb bəyənməyənlərdən biri də mən idim. Amma ABŞ-da görüb tanıdığım repçilərin də narkotikdən istifadə etdiyini görəndən sonra Hüseyn Dəryaya rəhmət oxudum. Narkomaniyanın qurbanı kimi. Axı, ölkədə bir narkoman azalsa da, bir istedadı itirdik. Allah Hüseyn Dəryanın günahlarından keçsin, ruhu şad olsun!
"Nə qədər ki sağsan, nə qədər ki vardır dörd yanında qızlar keyf elə,
Nə qədər ki pul var, nə qədər ki keyf var, nə qədər ki varsan keyf elə..."
“Ədəbiyyat və incəsənət”
(28.06.2025)