İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan mədəniyyətinin görkəmli siması, musiqimizin qızıl xəzinəsini neçə-neçə əsəriylə zənginləşdirən Azərbaycan SSR xalq artisti, görkəmli bəstəkar Cahangir Cahangirovun adını bu gün xüsusi təntənə ilə çəkirik. Çünki bu gün onun anadan olmasının 104-cü ildönümüdür.
Bəstəkar 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb. Xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır.
1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.
Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar.
Simfonik əsərləri
Bəstəkar 1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradır və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. 1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunub, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib.
1962-ci ildə — Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazıb.
Operaları
Canahgir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirib.
"Xanəndənin taleyi" operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir. Cah-calalla həyat sürmək xatirinə qürbət ölkədə var-dövlətini göyə sovurub yoxsullaşan, təkcə səsi yazılmış sınıq qrammofon valı qalmış xanəndənin bu yadigarı şikəst olmuş həyatının rəmzi kimi qavranılır.
1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı əsəri əsasında bəstələdiyi "Azad" operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.
Mahnıları
Onun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərlərilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun mahnıları asanlıqla ürəklərə yol tapır. Müasirlik, dövrün tələbi ilə ayaqlaşma Cahangir sənətinin başlıca məziyyətidir. Məhz bunun üçündür ki, Cahangirovun mahnıları müasirlərimizin ürək çırpıntılarını, xoş arzusunu, istəyini ifadə edir, adamları qurmağa, yaratmağa səsləyir. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Ala göz" və s. mahnıları dillər əzbəridir.
Filmoqrafiya
1. Arazın sahillərində
2. Bahar rəqsləri
3. Bəstəkar Cahangir Cahangirov
4. Bəxtiyar Vahabzadə
5. Dağlarda döyüş
6. Dəli Kür
7. Evlənmək istəyirəm
8. Gədəbəyin sərvəti
9. Koroğlu
10. Mahnı qanadlarında
Mükafatları
- Stalin mükafatı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
- "Qırmızı əmək bayrağı" ordeni (2 dəfə)
Cahangir Cahangirov 1992-ci ilin 25 martında vəfat edib. Məzarı Fəxri Xiyabanda yerləşir. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(20.06.2025)