Onun konserti həmişə “Naxçıvan” mahnısı ilə başlayıb, onunla da sona yetərdi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yaşlı həmkarlarım mənə düzəliş verdilər, Sovetlər dönəmində onu bu cür təqdim edirdilər – Azərbaycan SSR və Naxçıvan MSSR-in əməkdar artisti Yaşar Səfərov. Bu gün bu istedadlı, nikbin müğənninin anım günüdür, vəfatının 19-cu ildönümüdür.

 

 Yaşar Səfərovun 26 iyun 1940-cı ildə Naxçıvanın Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olub. A. Zeynallı adına musiqi texnikumunun vokal və kamança şöbələrini, Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsini bitirdikdən sonra o, uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Şikrətinin solisti olub. Kuba, Avstriya, Macarıstan, Danimarka, Türkiyə və bir çox xarici ölkələrdə konsertlərlə çıxış edib, Azərbaycan musiqi sənətini müvəffəqiyyətlə təmsil edib. O, Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ilk ifaçısı olub.

 

1974-cü ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Naxçıvan MSSR-in Əməkdar Artisti, 1989-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adlarına layiq görülmüşdür. F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solisti kimi əsgərlər qarşısında tez-tez çıxışlar edib. Vətəni, xalqımızın igid oğullarını vəsf edən mahnıları ilə onlara mətinlik hissi aşılayıb. O, eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Prezident təqaüdçüsü idi.

 

Repertuarında ilk əvvəl xalq mahnılarına, bəstəkar mahnılarına önəm verirdisə, sonrakı illərdə bununla yanaşı Azərbaycan və Qərb bəstəkarlarının klassik operalarından ariyalar, romanslar da oxumağa başlayır. Yaradıcılıq taleyi Yaşar Səfərovu yeni uğurlara doğru aparırdı. Belə uğurlardan biri də onun 1959-cu ildə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin xor kollektivində solist olaraq işə qəbul edilməsi idi. Böyük bəstəkar və dirijor Səid Rüstəmovla ilk tanışlıq və yaradıcılıq təmasları da elə məhz bu vaxtdan başlayıb. 

 

Yaşar Səfərovun səhnə həyatı çox uğurlu olub. Səs diapazonuna, səhnə mədəniyyətinə, həyatda davranışına görə onu çox istəyiblər. Şövkət Ələkbərova onu hər dəfə görəndə deyərmiş: "həm ifaçı həm də qədərsiz insan olduğun üçün sənə qədərsiz hörmətim var". Təsadüfi deyil ki, Ramiz Mirişli, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa bəstəkarlar yeni nota aldıqları mahnıları ifa etməyi məmnuniyyətlə ona həvalə edərdilər. Elə bu səbəbdən də müğənninin repertuarındakı mahnılar günbəgün artırdı. Hazırda qızıl fondda saxlanılan "Oxu tar", "Şeir deyildi", "Ağ çiçəklər", "Süsən qızlar", xalq mahnılarından "Küçələrə su səpmişəm", "Gözəlim sənsən" və başqa mahnılar ilk dəfə səhnədə onun ifasında səslənəndə alqışlarla qarşılanıb. 

 

Yaşar Səfərovun sənət dünyasında Naxçıvanla bağlı mahnılar xüsusu yer tuturdu. Müğənni yaradıcılığı boyu Naxçıvanı vəsf etməkdən yorulmayıbdır. Harada oxuyursa oxusun, hansı səhnədə çıxış edirsə etsin, onun konserti “Naxçıvan” mahnısı ilə başlayıb onunla da sona yetərdi. Müğənni qəlbən, ruhən doğma diyara bağlı idi. Bu sevgi hələ uşaqlıqdan onun qəlbində baş qaldırmışdı. Sənətşünaslar "Yaşarın səsində şır-şır axan Arazın səsinin doğmalığı var "-deyirdilər. Doğma diyarı vəsf edən nəğmələrin ən gözəl təqdimatçısı idi desək, yəqin ki, yanılmarıq. Konsert salonlarında, mavi ekranda, radio dalğalarında həmişə bir səs eşidilirdi: Ramiz Mirişli, "Naxçıvan təranələri", oxuyur Azərbaycan Televiziya və Radiosunun solisti Yaşar Səfərov.

18 iyun 2007-ci ildə, ömür kitabının 66-cı səhifəsində dünyaya gözlərini qapadı. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.