Şostakoviçin tələbəsi olmuş tanınmış bəstəkarın doğum gününə - 108 illiyinə Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan SSR xalq artisti Cövdət Hacıyev 18 iyun 1917-ci ildə Nuxa (Şəki) şəhərində anadan olub. O, orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Konservatoriyasında, Moskva Konservatoriyasında oxuyub və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirib. 

 

Cövdət Hacıyev 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs də demiş, 1957–1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışmışdır.

Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış bəstəkar Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olub.

Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunub.

 

Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C. Hacıyev yaratdığı simfoniyalarda, "Sülh uğrunda" simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib. Qara Qarayevlə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortopiano əsərləri də C. Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. 

O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli "Simfoniya"nı, iki simfonik poemasını, "Azərbaycan süitası"nı simli kvartet və sair əsərlərini bəstələyib. 1945-ci ildə "Vətən" operasına görə "Stalin" mükafatına layiq görülüb.

 

 "Zirvələrə" adlanan altıncı və "Şəhidlər" adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. 

 

Təltif və mükafatları

 

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı 

3. "Stalin" mükafatı (2-ci dərəcə) ("Vətən" operasına görə)

4. "Stalin" mükafatı (3-cü dərəcə) ("Sülh uğrunda" simfonik poemasına görə)

5. "Lenin" ordeni

6. "Oktyabr inqilabı" ordeni

7. "Qırmızı əmək bayrağı" ordeni 

8. "Şərəf nişanı" ordeni

9. "Şöhrət" ordeni 

 

O, 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat edib. Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.