Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Çağırıldığı toyların onun yaradıcılığına heç bir maneçiliyi yoxdur. Əksinə, toylardan gələn gəlirlə dolanışığını təmin edir. Bu günün reallığıdır, musiqiçiləri toylar saxlayır...
“Doğrudur, mən də toya gedirəm. Ancaq mən toyu düşünüb, bu sənətə gəlməmişəm. Mənim sənətim olmasaydı, bu sənətə gəlməzdim. Əksəriyyətinin səsi yoxdur, ancaq özlərini biabır edirlər. Səsin yoxdursa, nə məcburdur, müğənni olasan? İndi gülməli oxuyanlar ağlamalı oxuyanların qarşısına keçib. Amma xalq bilir, kimə və nəyə qulaq asır. Əsil sənət daim var, olub, olacaq. Ümumiyyətlə, mənim ailədə aldığım tərbiyə, mədəniyyət yol verməz ki, kiminləsə qalmaqal yaradım. Haqqımda hər hansı bir müğənninin dediyi neqativ fikrə cavab vermirəm. Məni istəyənlər də sağ olsun, istəməyənlər də...”- söyləyir.
Mərd xarakteri var. Əliaçıqlığı ilə seçilir, ona həm də səxavətli xanımdır da demək olar. Zarafat deyil, öz hesabına doğulub boya-baş çatdığı doğma kəndinə su çəkdirib...
Deyir ki:- “Su çəkdirmək qədər savab bir iş yoxdur. Mən bunu eləmədim. Allah bunu mənə qismət elədi. Bu işi mən istəyə bilərdim, amma alınmaya da bilərdi. Yəqin ki, qazanılan ruzidə olan halallığı gördüyü üçün, bu savab işi görməyi mənə qismət elədi. Hər şeyi verən və yazan Allahdır. Mənim kəndim Qobustan rayonundadır. Əvvəla, öz el-obasının, xalqının qədrini bilməyən heç qıraq- bucağın da qədrini bilməz. Mən bu kənddə böyüyüb başa çatmışam. Biz ömür boyu sudan əziyyət çəkmişik. Heç mənim ağlıma gəlmirdi ki, mən böyüyəcəyəm, illərlə yığdığım pulları belə bir savab işə xərcləyəcəyəm. Mən bu işdən ötrü evlərimi və qızıllarımı satmışam. Mən onları Allah rizası üçün istifadə etməyə yığmışdım. Bunu da sevə-sevə elədim. Heç kimsə deyə bilməz ki, sən bunu elə. Çünki bu elə bir işdir ki, qəlbində Allah eşqi olmasa, bunu edə bilməzsən.”
Bəli, bu dəfə sizə xanəndə Elnarə Abdullayeva haqqında söhbət açmaq istəyirəm. O, 1972-ci ilin iyun ayının 17-də Şamaxının (Hazırda Qobustan rayonu) Çuxanlı kəndində dünyaya göz açıb. Daha sonra xlaq artisti Ağaxan Abdullayevin tələbəsi olaraq, ondan muğamın sirrlərini öyrənib. Onun 2006-cı ildən musiqiçi və prodüser Asif Kərimovla birgə fəaliyyətə başlamasıyla bütün yaradıcılıq tərzi dəyişib. 2000-ci illərdə “Gilan” albom şirkəti ilə müqavilə bağlayaraq "Elnarənin Musiqi Dünyası" adlı ilk albomunu çıxarıb. 2015-ci ildə Heydər Əliyev sarayında ilk solo konserti baş tutub. Daha sonra 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülüb...
“Yaradıcılığımda yeniliklərim çoxdur. Bir vaxtlar ifa etdiyim “A bül-bül” adlı mahnım çox sevildi. Hara gedirəmsə, məndən bu mahnını istəyirlər. Daha sonra çox qədimi “Sozaloğlu” adlı bir aşıq mahnısı ifa etdim. İlk olaraq bu mahnıya müraciət edəndə çoxu dedi ki, bu mahnı sevilməyəcək, yəni necə deyərlər, baş tutmayacaq. Lakin daha sonra bu fikri söyləyənlər özləri yanıldıqlarını etiraf etdilər. Çünki mən bu mahnını yeni üslubda ifa etdim və hər kəsin ürəyinə yatdı. Daha sonra çoxdan ifa etdiyim “Heydər baba” adlı mahnımı yeni üslubda aranjeman etdirdim. Tənqid edənlər özləri də bilmədən məni böyük bir zirvəyə qaldırıblar. Onlar deyirlər ki, mən muğam oxumuram. Ağı deyirəm, dərvişsayağı oxuyuram. Mənim üçün bu cür tənqidlərdən yaxşı heç nə ola bilməz. Əvvəl narahat olurdum ki, niyə belə deyirlər? Amma sonra onların sözlərinə önəm vermədim. Çünki mənə dəyərli sənətkarlar və xalq qiymət verib. Mənim ifa tərzimi xalq qəbul edir. Müəyyən adamlar var ki, özlərini sənətkar adlandırmaq istəyirlər, qəbul etmək istəmirlər. Həm də məni tənqid edənlərin özləri gülməli oxuyan müğənnilər kateqoriyasına daxildirlər...”- söyləyir.
Çılğın, hövsələsiz olsa da, həyatında onu utandıran səhvləri olmayıb. Hər kəsin qarşısında başıuca, alnıaçıqdır. Ümumiyyətlə, o, xanım kimi doğulsa da, kişilərə xas olan xüsusiyyətləri çoxdur. Sözü üzə deməyi, haqqı müdafiə etməyi, cəsarət göstərməyi bacarır. Haqsızlığa, saymamazlığa, sözünün üstündə durmayan insanlara əsəbiləşir. Nə isə, zəhmətsevər, əzimkar, işgüzardır. Necə deyərlər, kişi kimi qadındır...
Deyir ki:- “Məktəb illərim, müəllimlərim üçün çox darıxıram. 9-cu sinifdə oxuyanda artıq tədbirlərdə, musiqi dərsində oxuyurdum. Kənd qızı idim, bostana da gedirdim, mal-qaraya da. Bəzən elə olurdu ki, bostandan çıxıb toya gedirdim. Bəziləri bunu deməyə utanır, amma mən keçmişimə görə heç vaxt utanmamışam. O günlər üçün çox darıxıram. Yəqin ki, xanəndə olmasaydım, yaxşı təsərrüfatçı olardım. Üzərimə götürdüyüm hər bir işi yarıdıram. Bu da olmasaydı, lap ticarətlə də məşğul ola bilərdim...”
Amma nə yaxşı ki, xanəndə olub. Və bu sənət onu zirvələrə qaldırıb, ölkədə tanıtdırıb. Bəli, ötən gün ad günü olan Elnarə xanım bu gündən etibarən yeni yaşın yoluna çıxıb. Bu münasibətlə onu təbrik edir, yeni-yeni uğurlar arzulayırıq…
“Ədəbiyyat və incəsənət”
(18.06.2025)