İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sonradan mənim sənətə gəlməyimdə bizim gözəl bəstəkarımız Şahid Əbdülkərimov əlimdən tutub.
Nadir Qafarzadə
Nəzakət Məmmədovanın ifasında bir mahnı vardı, "Heç küsməyin yeridirmi" — zamanında bu mahnı çox popular idi. Xalq şairi Nəbi Xəzrinin sözlərinə yazılmış mahnının bəstəçisi Şahid Əbdülkərimov idi.
Eləcə də daha bir neçə məşhur, dillər əzbəri lan mahnıları var idi. Ancaq sanki irəli getməsinə, inkişafına kimlərsə mane olur, imkan vermirdilər…
Əfsuslar olsun ki, uzun illər onun mahnıları xalq mahnıları kimi təqdim edilirdi. Bir mahnısı isə - “Təki sən səslə məni” Azərbaycan mahnı sənətinin tacı sayıla bilər, bu mahnının da bəstəkarının bu təvazökar, zəhmətkeş, istedadlı şəxsin olması danılırdı, mahnı xalq mahnısı kimi qələmə verilirdi…
Bu gün Azərbaycan bəstəkarı, bir çox məşhur mahnının müəllifi Şahid Əbdülkərimovun anım günüdür.
1938-ci ildə o, Nuxa şəhərində (indiki Şəki) dünyaya gəlib. İncəsənətə həvəsi onu 1956-cı ildə Şəki mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti Məmmədkəbir Hacıoğlunun rəhbərliyi ilə dram dərnəyinə gətirib. Orta məktəbi bitirdikdən sonra Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil alıb və həvəskar bəstəkar, xanəndə Qulu Əsgərov onun sevimli müəllimi və dostu olub. Təhsilini başa vurduqdan sonra Şahid Xırdalandakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlayıb. O, M. Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil alıb. Tələbəlik illərində görkəmli bəstəkarımız Şəfiqə Axundova ilə sıx əlaqə saxlayıb.
100-dən artıq mahnısı var. Onun efirdə ilk səslənən mahnısı "Hanı bəs vəfan sənin" mahnısıdır. Həmin mahnı Ümumittifaq səsyazma fondunda, patefon valına yazılıb. İlk ifaçısı xalq artisti İslam Rzayev olub. Bir çox mahnıları AzTV-nin "Qırmızı Qərənfil" uşaq xorunun ifasında səsləndirilib. Mahnılarını ən çox mərhum müğənnimiz Nəzakət Məmmədova oxuyub.
Respublikamızın xalq artisti Abdulla Abdullayev qeyd edir ki, "Təki sən səslə məni" mahnısını mərhum prezidentimiz Heydər Əliyevin çox sevdiyini onun öz dilindən eşidib.
Əbdülkərimov bəstələdiyi mahnıların sözləri daha çox Əliağa Kürçaylı, Cabir Novruz, Ramiz Məmmədzadə, Arif Abdullazadəyə məxsus olub.
Bəstələdiyi mahnıların bəziləri
1.Təki sən səslə məni;
2. Azərbaycan;
3. Bala gəlin;
4. Biləydim kaş;
5. Dayağım ol;
6. Gözəlim;
7. Günüm keçməsin sənsiz;
8. Gecələr;
9. Hanı bəs vəfan sənin;
10. Heç küsməyin yeridirmi;
11. Ana torpağım mənim Bakı.
İlk dəfə onun mahnısı 1974-cü ildə Azərbaycan televiziyasında özünün adı ilə səsləndirilib. Həmin ildə Bakı rayonlararası xalq yaradıcılığı evində "Sən nəğmələr qoş" devizi ilə mahnı müsabiqəsi keçirilib. Şahid o müsabiqədə 1-ci yer tutmuşdu.
1976-cı ildə o, Şəki şəhərinə dəvət alıb, Tibb işçiləri mədəniyyət evinin direktoru təyin edilib. Burada o, "Şəfa" xalq çalğı alətləri ansamblı və rəqs kollektivi yaradıb.
1988-ci ildə Abşeron rayonunda və Şəki şəhərində bəstəkarın 50 illik yubileyi qeyd edilib. 1988-ci ildən Şəki şəhərində yaşayan Əbdülkərimov, ömrünün son illərində musiqidən uzaqlaşıb, şəhərin Qışlaq hissəsindəki məşciddə din xadimi – yəni, molla kimi fəaliyyət göstərib.
O, 2003-cü ilin iyun ayının 17-də 65 yaşında vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(17.06.2025)