Musiqimizin canlı klassiki – FİDAN QASIMOVANIN DOĞUM GÜNÜNƏ Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Opera sənətimizin tarixində ən silinməz adlardan biri.

O, opera səhnəmizin, klassik musiqimizin, mədəniyyətimizin zirvəsidir. Bütün təriflərə, alqışlara layiq bir xanımdır.

 

Azərbaycan SSR xalq artisti Fidan Qasımova 17 iyun 1947-ci ildə Bakıda dünyaya gəlib. Nadir soprano sahibinin dünyaya göz açdığı ziyalı ailəsi, boya-başa çatdığı mühit onun musiqiyə bağlanmasının ilkin mənbəyi olub. Fidan və kiçik bacısı Xuraman Qasımovanın valideynləri daim incəsənətlə bağlı olublar, şeir yazıblar, musiqiyə meyl göstəriblər. Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev və Bakı musiqi elitasının digər nümayəndələri tez-tez bu ailənin evində olublar. O zaman 4 yaşlı balaca Xuraman qonaqların xahişi ilə oxuyar, Fidan isə qonşu otağa keçərək daha çox skripkada çalardı. Hər iki qızın musiqiyə meyli uşaqlıqdan formalaşıb.

 

Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Fidan 1966-cı ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, məhz parlaq istedadı və zəhməti sayəsində eyni vaxtda iki ixtisas — skripka və vokal üzrə təhsil alıb. Təbii ki, qabaqcadan seçdiyi yola ciddi hazırlaşmaq lazım idi. 1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıdıb, həmin vaxtdan M. F. Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlayıb.

 

Azərbaycanın, SSRİ-nin xalq artisti fəxri adlarına layiq görülən, Azərbaycan SSR Dövlət mükafatı laureatı  olan F. Qasımova 1990-cı ildən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, 1992-ci ildən Türkiyənin İstanbul Dövlət Konservatoriyasının professorudur. Onun əməyi müstəqil Azərbaycan dövlətində layiqli qiymətini alıb. Heydər Əliyev tərəfindən "Şöhrət" ordeninə, prezident İlham Əliyevin sərəncamı ilə isə "Şərəf" ordeninə və "İstiqlal" ordeninə layiq görülüb.

 

F. Qasımovanın 2008-ci ildə "Besame mucho" adlı albomu buraxılıb. "Eta Production" studiyasında yazılmış disk ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr olunub. Böyük sənətkarın adı "Dünyanın 100 qadını" kitabına salınıb. Bakı Musiqi Akademiyasının professoru F. Qasımova son illər istedadlı gənclərə xeyli vaxt sərf edir, yorulmadan yeni gənc vokalçılar nəslini yetişdirməklə məşğul olur. Onların arasında beynəlxalq müsabiqələr diplomantları və laureatları da az deyil.

 

Filmoqrafiya

 

Gələcəyin qurucuları 

Həyat bizi sınayır 

Kədərimiz... Vüqarımız...

Kinorejissor Həsən Seyidbəyli

Maestro Niyazi 

Mən ki gözəl deyildim

Nəğməkar torpaq

Qaraca qız

Silinməyən izlər... 

Ürəkdən ürəyə

Üzeyir ömrü 

 

Mükafatları 

 

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

3. Azərbaycan SSR Dövlət mükafatı 

4. Azərbaycan SSR Lenin komsomolu mükafatı

5. "İstiqlal" ordeni 

6. "Şərəf" ordeni

7. "Şöhrət" ordeni

8. "Heydər Əliyevin 100 illiyi " yubiley medalı 

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.