Könül, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyinatı olub. Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
1964-cü ildə böyük bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmış, bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimov olan Azərbaycan Dövlət Kamera Orkestrinin yeni direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva olacaq.
Kimdir Leyla Quliyeva? Son iş yeri Azərbaycan Milli Konservatoriyası olduğundan, onun barəsində məlumatı da elə Konservatoriyanın mətbuat katibi Aysel Fikrətdən aldıq.
Quliyeva Leyla Zəki qızı 1980-cı ildə Bakı şəhərində ziyalı ailədə anadan olub. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olub.1998-ci ildə bu məktəbi Fərqlənmə ilə bitirib. Həmin ildə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqişünaslıq” ixtisasına daxil olub, 2002-ci ildə Bakalavr, 2004-cü ildə Magistr səviyyələri üzrə Fərqlənmə Diplomu ilə Ali məktəbi bitirib.
Həmin ildən Azərbaycan Milli Konservatoriyasında “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında pedoqojı fəaliyyətə başlayıb. 2005-ci ildə BMA-da Dissertanturaya qəbul olunaraq, 2008-ci ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Cahangir Cahangirov yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda Dissertasiya işi müdafiə edib.
2010-cu ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən təstiq olubmuş Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2019-cu ildə isə Dosent Elmi adına layiq görülmüşdür. 2013-2023-cü illər ərzində Azərbaycan Milli Konservatoriyasında “İfaçılıq” fakültəsinin Dekanı, 2023-2025 illərdə AMK-nın İmtahan Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. 20 ildən artıq elmi fəaliyyət ilə məşğul olur. Bu illər ərzində yerli və xarici nəşrlərdə bir sıra məqalələri dərc olunub. Respublika və Beynəlxalq konfrans və simpoziumlarda daima məruzələr ilə çıxış edir. Cahangir Cahangirov adlı monoqrafiyanın, bəstəkar Azər Rzayev, Həsən Rzayev yaradıcılığına həsr olunmuş kitabların, dərs və metodik vəsaitlərinin, bir sıra dərs proqramların və s. müəllifidir.
Leyla Quliyeva ailəlidir. Üç övladı var.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)