Köhnə radio, oxuyur Yaqub Məmmədov… Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə məşhur filimdəki “sehirli xalata” bürünüb sizi keçmişə aparmaq istəyirəm. Yox, yox, narahat olmayın, Babəkin Bəzz qalasına, Şah İsmayıl babamızın Çaldıran döyüşünə getmirik. Sovet dövrünə baş çəkəcəyik...

 

 Təqvimdə 1975-ci il- elə indiki kimi may ayıdır. “Simsiz radio”da bir qız dillənir: “İndi də günorta konsertinə başlayırıq. Oxuyur Yaqub Məmmədov. Onu müşayiət edirlər...”

...Xatırladınızmı? O vaxtlar radioda günorta konsertləri belə başlayardı və biz gənclər də yaşlılara qoşulub, bəzən bu konsertləri dinləməli olurduq. Xanəndənin səsi evə yayılar, yaşlıların zövqünü oxşayardı...

 

Bəli, Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti, rəhmətlik Yaqub Məmmədovu nəzərdə tuturam. O, 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. Böyüyüb boya-başa çatandan sonra pambıq tarlasında suçu işləyirdi. Tez-tez mahnılar oxuyub pambıqçıları ruhlandırardı. Bir gün xəbər çıxır ki, mədəniyyət evinə Bakıdan Ağcabədiyə komissiya gəlib, səsi yaxşı olan yeniyetmələri axtarırlar. Bir təhər Yaqubu dilə tuturlar ki, o da həmin sınaq müsabiqəsində iştirak etsin. Əvvəlcə getmək istəmir, elə ki, eşidir ki, Xan Şuşinski də onların arasındadır, onu radiodan dinləyib tanıdığı üçün gedir. Növbə Yaquba çatanda Xanın ifa tərzi ilə bir segah oxuyur. Səsi Xanın xoşuna gəlir, amma üstünü vurmur. Sən demə, Şövkət Ələkbərova da münsiflər heyətində imiş. Heyrətindən ayağa qalxıb Yaqubu alqışlayır və xoş sözlər söyləyir. Xanın susub heç nə deməməsi isə onu çox narahat edir. Düşünür ki, yəqin ustadın xoşu gəlməyib. Nə isə, müsabiqə sona çatandan sonra xanəndələr Bakıya qayıdır. Üstündən bir müddət keçir. Bir gün flarmoniyanın bağında heyranları Xan Şuşinskiyə sual verirlər ki, Xan əmi, görəsən yer üzünə bir də sənin kimi oxuyan gələcəkmi? Xan isə cavabında: "Gələcək yox, gəlib. Mənim kimi oxuyan oğlan Ağcabədidə pambıq suvarır, gedin, onu tutub Bakıya gətirin."- söyləyir.

Yaqub Bakıya gələndən sonra rus dilini anlayıb danışa bilmədiyi üçün nə operaya gedə, nə də flarmoniyada işləyə bilir. Deyilənlərə görə, o, bu dili bilmədiyindən ilk illər Bakıda çox darıxırmış. Sonradan yavaş-yavaş paytaxt mühitinə alışa bilib. Əlibaba Məmmədov müsahibələrinin birində deyir ki, Yaqub Məmmədovun səsi o qədər gözəldir ki, mikrafondan adamları söysə belə onlara ləzzət edərdi...

 

...Qarabağ torpağında boya-başa çatan Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Görkəmli xanəndə Seyid Şuşinskidən və eləcə də xanəndə Mütəllim Mütəllimovdan muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənib. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə həmişə diqqəti cəlb edib. Muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi...

 

O, Bakı toylarında ən arzuolunan xanəndələrdən biri olub. Hətta bu kəndlərdə onu doğulduğu Ağcabədidəki hərmyerlilərindən də çox istəyirdilər. Yeganə xanəndədir ki, muğamın sözlərini bəzən səhv oxusa da, Bakı kəndlərində çox sevilib. Böyük sənətkar 2002-ci ildə 72 yaşında ikən dünyasını dəyişib...

O, uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi müxtəlif konsertlərdə çıxış edib. İfasında qrammafon vallarına yazılan muğam dəstgahları o vaxt bütün Yaxın və Orta Şərqdə yayılıb. Eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnməkdədir...

 

Ustad tarzən Vamiq Məmmədəliyevin xatirələrindən birində yazılır: "Yaqub Məmmədov vara-pula yıxılan adam deyildi, çox gözütox, yumşaq adam idi. Onunla neçə il musiqi meydanlarında oldum, amma bir dəfə də olsun ondan "mən" sözü eşitmədim. Bəzən elə olurdu ki, kasıb insanlar Yaqubu toya aparmaq istəyirdilər, amma imkanları çatmırdı. Yaqub bunu biləndə mənə deyirdi ki, nə danışırsan, millətin hamısı bizimdir, gedək o toya. Və ən qəribəsi də odur ki, həmin kasıb toyu, varlı toyundan da yaxşı keçirdi...”

 

...Təqvimdə 2025-ci ildir. Bu gün - mayın 5-də böyük sənətkarın 95 illiyi tamam olur. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.